Bakı Dövlət Universitetinin (BDU) Botanika və bitki fiziologiyası kafedrasında müxtəlif stresli şəraitlərdə bitkilərin davamlılığının optimallaşdırılması, müasir texnologiyaların tətbiqi və biomüxtəlifliyin mühafizəsi istiqamətində geniş tədqiqatlar aparılıb, elmi nəticələr əldə olunub.
“Tehsil365“ AZƏRTAC-a istinadən bu barədə kafedradan məlumat verilib.
Bildirilib ki, müasir dövrdə iqlim dəyişmələri, torpaq və su ehtiyatlarının azalması, antropogen təzyiqlərin artması fonunda bitkilərin stresli mühitlərə davamlılığının təmin edilməsi təkcə kənd təsərrüfatı üçün deyil, bütövlükdə biosferin sabitliyi baxımından həyati əhəmiyyət daşıyır. Quraqlıq, şoranlıq, yüksək və aşağı temperatur, ağır metallar, pestisidlər, radiasiya, patogenlər və mexaniki zədələnmələr bitkilərin normal inkişafına mənfi təsir göstərən əsas stres amilləridir. Bu kimi şəraitlərdə bitkilərin yaşaması və məhsuldarlığının qorunması yalnız təbii seleksiya ilə deyil, eyni zamanda, elmi biliklər və müasir texnoloji imkanlar vasitəsilə istiqamətləndirilən proses kimi qiymətləndirilir.
Bitkilərin stresə davamlılığının optimallaşdırılması ərzaq təhlükəsizliyinin təmin olunması, ekosistemlərin sabitliyinin qorunması və biomüxtəlifliyin mühafizəsi baxımından strateji əhəmiyyət kəsb edir. Elmi araşdırmalar bu istiqamətdə innovativ yanaşmaların formalaşdırılmasına və praktik tətbiq imkanlarının genişləndirilməsinə xidmət edir.

