Türk dünyası yalnız ortaq tarixi keçmiş deyil, həm də dövlət sərhədləri və coğrafi məsafələrə baxmayaraq, dilin, ənənələrin, epik irsin və dəyər istiqamətlərinin xalqları birləşdirməyə davam etdiyi vahid mədəni məkandır. Qloballaşma şəraitində tarixi yaddaş, mədəni kod və ənənələrin varisliyi məsələləri xüsusi əhəmiyyət kəsb edir. Dil və epos təkcə ünsiyyət vasitəsi və ya ədəbiyyat abidəsi deyil, həm də cəmiyyətin identikliyinin və mənəvi dayanıqlığının əsaslarıdır.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, elmlər doktoru, Ankara Universitetinin Ədəbiyyat fakültəsinin müasir türk dilləri və ədəbiyyatı kafedrasının dosenti Gürcü Selcan Sağlık Şahinlə türk dillərinin inkişafının əsas mərhələləri, yazı sisteminin dəyişməsi və epik irsin milli özünüdərkin formalaşmasında rolu barədə söhbəti davam etdirir.
— Türk dillərinin tarixi inkişafına nəzər saldıqda, fikrinizcə, hansı dövrlər daha əhəmiyyətli dönüş mərhələləri hesab olunur?
— Türk dillərinin təkamülündə daha əhəmiyyətli dönüş mərhələlərindən biri əlifbanın dəyişdirilməsi dövrləri olub. Belə ki, X–XI əsrlərdə türklərin İslam dinini qəbul etməsi və türk runik yazısından imtina edərək ərəb əlifbasına keçməsi dil tarixində ən mühüm mərhələlərdən biri kimi qiymətləndirilir. Ərəb qrafikası əsrlər boyu Türk dünyasında geniş istifadə olunub. Bununla da din və yazı sistemi ilə yanaşı, bir mədəni dairədən digərinə keçid baş verib.
Digər mühüm dönüş nöqtəsi Orta Asiya türkləri ilə Anadolu türkləri arasında əlaqələri zəiflədən Oktyabr inqilabı olub. Həmin dövrdə türk xalqları Kiril əlifbasına keçərək yenidən yazı sisteminin dəyişdirilməsi mərhələsini yaşayıb. Professor Rəşid Rəhməti Aratın fikrincə, XII–XIII əsrlər də türk dilinin tarixi inkişafında dönüş mərhələsi hesab olunur. Həmin dövrdən etibarən dil sistemində fonetik və morfoloji dəyişikliklər baş verib.
— Türklərin ümumi tarixində ilk hesab olunan əlifbalar hansılardır? “İlk” anlayışını müəyyənləşdirərkən hansı meyar əsas götürülməlidir?
— “İlk” anlayışı ən qədim yazılı abidələrdə istifadə olunmuş əlifba əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan belə əlifba V–XIII əsrlərdə geniş tətbiq edilən türk runik yazısıdır. Ondan sonra soqd, mani, qədim uyğur və brahmi əlifbaları istifadə olunub. Ümumilikdə, türklərin tarixində bir qanunauyğunluq müşahidə edilir, belə ki, yazı sisteminin dəyişməsi müxtəlif tarixi dövrlərdə türk xalqlarının qoşulduğu dini mühitin dəyişməsi ilə sıx bağlı olub.
— “Dədə Qorqud”un oğuz dünyasında yeri nədən ibarətdir? O, ədəbi irs statusundan əlavə hansı identiklik funksiyalarını yerinə yetirir? Dastanlar tarixi yaddaşı necə qoruyur?
— Keçmişdə - əyləncə mühitinin indiki kimi inkişaf etmədiyi dövrdə insanlar vaxtlarını birlikdə keçirərək bir-birinə hekayələr və dastanlar danışırdılar. Epos poeziya və nəsri birləşdirən janr olduğu üçün onun nəqli çox vaxt saz ifası ilə müşayiət olunurdu ki, bu da hekayənin emosional təsirini gücləndirirdi. Lakin eposlar yalnız əyləncə məqsədilə yaradılmayıb. Onlar əcdadların həyat təcrübəsini ötürür və yeni nəsillər üçün mənəvi istiqamət rolunu oynayırdı.
“Dədə Qorqud” eposu təkcə xalq ədəbiyyatı abidəsi deyil. Bu, dilçilər, ədəbiyyatşünaslar, tarixçilər və sosioloqlar üçün maraq doğuran çoxqatlı mətndir, çünki o, türklərin ictimai quruluşunu, ailə strukturunu, qadına münasibəti, adət hüququ normalarını və geniş mədəni təsəvvür sahələrini əks etdirir.

