Bakı Dövlət Universitetinin SABAH qrupları üzrə kompüter elmləri ixtisasının III kurs tələbəsi Qurbanəli Qurbanəliyev “IT SkillSprint” layihəsi çərçivəsində təşkil olunan intensiv beynəlxalq təhsil proqramında iştirak hüququ qazanıb.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı, həmçinin “Ironhack” qlobal təlim şirkətinin iştirakı ilə həyata keçirilir.
Tədris kibertəhlükəsizlik, veb-proqramlaşdırma, data və süni intellekt, həmçinin DevOps sahələrini əhatə edir. “Bootcamp” formatında təşkil olunan proqram iştirakçılara real layihələr üzərində işləmək, peşəkar portfel formalaşdırmaq və hakatonlar, karyera sərgiləri, şəbəkələşmə tədbirləri vasitəsilə əmək bazarına daha sürətli inteqrasiya imkanı yaradır.
Layihənin əsas məqsədi tələbələrin müasir texnologiyalar üzrə peşəkar bacarıqlarını inkişaf etdirmək, onları qlobal əmək bazarına hazırlamaq və universitet–sənaye əməkdaşlığını gücləndirməkdir.
Proqramı uğurla başa vuranlar beynəlxalq səviyyədə tanınan sertifikat əldə edəcəklər.

