Psixoloq qeyd edib ki, “xüsusilə yeniyetmələr, gənc qadınlar və əvvəldən özünəinam problemi yaşayanlar bu təsiri daha kəskin hiss edirlər. Sosial media alqoritmləri də ‘ideal’ kontenti daha çox göstərdiyi üçün insan eyni mesajı təkrar-təkrar alır: guya qəbul olunmaq üçün müəyyən görünüş şərtdir”.
“Tehsil365”ə açıqlama verən psixoloq Mətanət Əliyeva bildirib ki, sosial mediada formalaşan “ideal görünüş” anlayışı qadınların psixoloji sağlamlığına mənfi təsir göstərir. Onun sözlərinə görə, “sosial media gözəlliyi sadəcə estetik dəyər kimi təqdim etmir, həm də onu qəbul olunma meyarına çevirir. ‘Bəyənilmə’, ‘şərh’, ‘izlənmə’ kimi göstəricilər qadınların özünüqiymətini görünüşlə əlaqələndirir və bu, zamanla psixoloji gərginlik yaradır”.
Əliyeva vurğulayıb ki, “filtr, retuş, düzgün işıq və seçilmiş bucaqlarla yaradılan ‘real olmayan reallıq’ qadınlarda gündəlik, təbii halı həmin ideal görüntülərlə müqayisə etmə meyli formalaşdırır”. Onun sözlərinə görə, bu proses bir sıra psixoloji nəticələrə səbəb olur: “özünəinamın azalması, bədən narazılığı, daimi müqayisə və perfeksionizm, görünüşə görə narahatlıq, sosial həyəcan, yemək davranışında pozuntular, emosional tükənmə və depressiv əlamətlərin artması”.
Mətanət Əliyeva problemin qarşısını almaq üçün iki əsas istiqamətə diqqət çəkib: “media savadlılığı” və “psixoloji sərhədlər”. Onun sözlərinə görə, “izlənilən kontentin hazırlanmış olduğunu qəbul etmək, sosial mediadan istifadə vaxtına limit qoymaq və insanın öz dəyərini yalnız görünüşə yox, bacarıq, xarakter və dəyərlərə bağlamaq psixoloji dayanıqlığı gücləndirə bilər”.
Əliyeva əlavə edib ki, “əgər qadın gündəlik həyatında görünüşlə bağlı düşüncələrin çoxaldığını, özünü daim başqaları ilə müqayisə etdiyini, yemək və yuxu rejiminin pozulduğunu, özünəinamın kəskin düşdüyünü hiss edirsə, bu artıq sadəcə narahatlıq deyil, psixoloji dəstək üçün siqnal ola bilər. Bu standartları tamamilə yox etmək çətin olsa da, insanın onlara verdiyi reaksiyanı dəyişmək, özünə münasibəti sağlamlaşdırmaq və daxili dayanıqlığı gücləndirmək mümkündür”.

