Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində 27 Mart – Azərbaycanda Elm Gününə həsr edilən “Azərbaycan sovet mətbuatında Birinci Türkoloji Qurultay materialları” mövzusunda elmi seminar təşkil olunub.
Bu barədə “Tehsil365"ə BDU-dan məlumat verilib.
Seminarda BDU-nun Milli mətbuat tarixi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı Birinci Türkoloji Qurultayın həm tarixi, həm də mətbuat kontekstində əhəmiyyətindən danışıb. O, Qurultayın türk xalqlarının ortaq dil, əlifba və terminologiya məsələlərinin müzakirə olunduğu mühüm elmi-siyasi platforma olduğunu bildirib. Qeyd olunub ki, bu proses Azərbaycan mətbuatında geniş işıqlandırılıb.
Akif Aşırlı vurğulayıb ki, mənbələrdə qurultay müxtəlif adlarla təqdim edilsə də, mətbuat materiallarının böyük əksəriyyətində “Birinci Türkoloji Qurultay” ifadəsi işlədilib. Həmçinin Bakı şəhərinin həmin dövrdə türkoloji fikrin mərkəzi kimi çıxış etməsi bir sıra yazılarda xüsusi qeyd olunub.
Seminarda bildirilib ki, qurultayın əsas müzakirə mövzusu ərəb əlifbasının islahı və latın qrafikalı əlifbaya keçid məsələsi olub. Bununla yanaşı, ortaq türk terminologiyasının formalaşdırılması, ümumi türk tarixi və etnoqrafiyasının öyrənilməsi gündəmdə yer alıb. Məruzəçi əlifba islahatı ideyasının Azərbaycan maarifçilik tarixində daha əvvəl Mirzə Fətəli Axundzadə tərəfindən irəli sürüldüyünü xatırladıb.
Araşdırmalarda istifadə olunan əsas mətbuat orqanları sırasında “Yeni yol”, “İşıq yol”, “Maarif və mədəniyyət”, “Yeni fikir” və “Kommunist” qəzetlərinin olduğu diqqətə çatdırılıb. Xüsusilə Tbilisidə nəşr olunan “Yeni fikir” qəzetində yeni türk əlifbasına keçid komissiyasının fəaliyyəti ilə bağlı materialların dərc edildiyi bildirilib.
Qeyd olunub ki, Türkiyədən professor Mehmet Fuat Köprülü və türkçülük ideologiyasının görkəmli nümayəndəsi, “Füyuzat” məktəbinin banilərindən Əli bəy Hüseynzadə Qurultayda iştirak ediblər. Onların əlifba məsələsində ehtiyatlı və diplomatik mövqe sərgiləmələri mətbuat materiallarında əksini tapıb. Sonradan Türkiyədə Mustafa Kamal Atatürk tərəfindən latın qrafikasına keçidin reallaşdırıldığı xatırladılıb.
Seminarda 1926-cı ildə rus dilində çap olunmuş stenoqram materialları ilə qəzet yazıları arasındakı fərqlər də diqqətə çatdırılıb. Bildirilib ki, bəzi nümayəndələr, xüsusilə Orta Asiyadan olan iştirakçılar ərəb əlifbasının islahı prosesinin yarımçıq qalacağı ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Sonda vurğulanıb ki, Qurultay təkcə əlifba dəyişikliyi ilə məhdudlaşmayıb, türk xalqlarının ortaq kimlik, dil və mədəni birlik istiqamətində atdığı mühüm tarixi addım olub.

