Fevralın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının Ərazi Partiya Təşkilatı “Xocalı - qanımızdan keçən dirçəliş” adlı tədbir keçirib.
“Tehsil365” xəbər verir ki, anım tədbirindən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin universitetdəki abidəsini və “Zəfər guşəsi”ni ziyarət edərək önlərinə gül dəstələri qoyub, Ulu Öndərin və şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
YAP Ərazi Partiya Təşkilatının sədri dosent Sultanəli Qurbanov Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında sağalmaz yara olduğunu deyib. O qeyd edib ki, 1992-ci ilin 26 fevralında törədilmiş bu qanlı hadisə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir.
ADPU-nun rektoru professor Cəfər Cəfərov Xocalı soyqırımının Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olduğunu diqqətə çatdırıb. Rektor Xocalının bu gün yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Xocalı artıq dirçələn, yenidən həyat qazanmış bir məkana çevrilir və bu, xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin gücünün göstəricisidir. Professor Cəfər Cəfərov gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri olduğunu bildirərək vurğulayıb ki, tələbələr tarixi həqiqətləri dərindən bilməli, milli-mənəvi dəyərlərə sadiq olmalı, dövlətçilik ənənələrinə hörmət ruhunda formalaşmalıdırlar.
“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu rəhbərlik etdiyi qurumun həyata keçirdiyi maarifləndirici layihələr və beynəlxalq kampaniyalar barədə məlumat verib. O bildirib ki, informasiya müstəvisində aparılan mübarizə Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında böyük əhəmiyyət daşıyır.
Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyinin sədri Vəsilə Mövsümova faciənin ən ağır nəticələrinin qadın və uşaqların taleyində əks olunduğunu vurğulayıb. O qeyd edib ki, bu istiqamətdə aparılan tədqiqatlar və sosial təşəbbüslər həm tarixi həqiqətlərin sənədləşdirilməsinə, həm də cəmiyyətin həssas təbəqələrinin müdafiəsinə xidmət edir.
Təkmül və İnteqrasiya Beynəlxalq İctimai Birliyinin nümayəndəsi Arzu Hüseyn Xocalı soyqırımının beynəlxalq hüquq müstəvisində tanınmasının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, xarici ölkələrdə keçirilən tədbirlər və təqdimatlar həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.
Xocalı faciəsinin şahidləri faciəvi hadisələri tədbir iştirakçıları ilə bölüşərək, həmin günlərin ağrı-acısını bir daha xatırladıblar. Qazilər və müharibə iştirakçıları isə bildiriblər ki, 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər xalqımızın iradəsinin və birliyinin təntənəsidir. Onlar gənclərə səslənərək, tariximizi unutmamağın, dövlətə və Vətənə sədaqətli olmağın hər bir Azərbaycan vətəndaşının borcu olduğunu vurğulayıblar.

