Professor Qafar Cəbiyev: “Torpaq bizdən daha yaxşı bu dəyərləri qoruyur. Bizim vəzifəmiz onları vaxtında aşkara çıxarmaq, müasir texnologiyalarla tədqiq etmək və elm aləminə təqdim etməkdir”
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev “Tehsil365”ə açıqlamasında bildirib ki, Azərbaycanın bütün bölgələrində arxeoloji tədqiqatların aparılmasına ciddi ehtiyac var. Onun sözlərinə görə, “torpağın altında hələ aşkar edilməmiş saysız-hesabsız tarixi abidələr mövcuddur”.
Professor qeyd edib ki, Qarabağ regionu bu baxımdan xüsusi diqqət tələb edir. “Sovet dövründə bölgədə arxeoloji tədqiqatlara laqeyd yanaşılması nəticəsində ermənilər tarixi abidələri saxtalaşdıraraq özününküləşdirməyə çalışıblar. Bu gün Qarabağda aparılacaq tədqiqatlar həm miqyaslı, həm də müasir texnologiyalarla həyata keçirilməlidir. Abidələr dövlət qeydiyyatına alınmalı, qorunmalı və mühafizə olunmalıdır,” – deyə o bildirib.
Qafar Cəbiyev vurğulayıb ki, Qarabağdan başqa Azərbaycanın sərhəd bölgələri də ciddi tədqiqata ehtiyac duyur. Onun sözlərinə görə: “Cənub bölgəsi çox zəif öyrənilib, İran tərəfindən mədəniyyət abidələrinə iddialar mövcuddur. Şimal-qərb bölgəsində (Balakən, Zaqatala, Qax) gürcü millətçi dairələri tərəfindən abidələrin ‘gürcüləşdirilməsi’ cəhdləri müşahidə olunur. Şimal bölgəsində isə sərhəd yaxınlığında yerləşən abidələr antropogen təsirlər və iddialar səbəbindən risk altındadır. Sərhədyanı bölgələr bizim ən həssas nöqtələrimizdir. Bu abidələr ikiqat diqqət tələb edir – həm qeydiyyat, həm mühafizə, həm də tədqiqat baxımından”.
Professor bildirib ki, tikinti və abadlıq işləri adı altında tarixi abidələrin dağıdılması halları artmaqdadır. “Qızıl axtaranlar tərəfindən abidələrin sökülməsi faktları aşkarlanıb. Son vaxtlar Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən bir sıra cinayətkar dəstələr ifşa olunub, məsuliyyətə cəlb edilib. Hazırda bu işlərlə bağlı məhkəmə prosesləri davam edir. Bu hadisələr bir növ şəbəkə halını alıb. Tarixi abidələrin dağıdılması və qara bazara çıxarılması halları ciddi şəkildə qarşısı alınmalıdır,” – deyə professor qeyd edib.
Qafar Cəbiyev vurğulayıb ki, tarixi abidələrin qorunması yalnız dövlət qurumlarının işi deyil: “Azərbaycan Konstitusiyasına görə, tarixi abidələri qorumaq hər bir vətəndaşın borcudur. Yerli icra hakimiyyətləri, məktəblər, ziyalılar və ictimaiyyət bu məsələdə daha fəal olmalıdır. Əhali yaşadığı bölgədəki abidələrin tarixi və əhəmiyyəti barədə məlumatlandırılmalıdır. Tarixi abidələri qorumaq hər bir azərbaycanlı üçün vətəndaşlıq borcudur. Bu işdə ziyalı da, məktəbli də, məmur da məsuliyyət daşıyır”.
Professorun fikrincə, Azərbaycanın mədəni irsinin qorunması üçün yalnız dövlət səviyyəsində deyil, ictimaiyyətin də fəal iştirakı vacibdir. Tarixi abidələrin qeydiyyatı, mühafizəsi və müasir tədqiqatlarla dünyaya təqdim olunması ölkənin mədəni kimliyinin qorunması baxımından həyati əhəmiyyət daşıyır.

