Brüssel şəhərindəki Azərbaycan Evində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi, Brüssel Azərbaycan Evi, Azərbaycan diaspor təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri, səfirliyin əməkdaşları və tələbələr iştirak ediblər.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Səfirliyin birinci katibi Emin Rüstəmov Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək, bu faciənin beynəlxalq ictimaiyyət tərəfindən unudulmamasının vacibliyini vurğulayıb, həmçinin “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlərdən danışıb. O, 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının işğaldan azad edildiyini, 2023-cü ilin 19-20 sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam təmin edildiyini, Xocalının da tam azad edildiyni və bununla tarixi ədalətin bərpa olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, MADANİ platformasının rəhbəri Emin Əliyev və BUTAM Azərbaycan Mədəniyyət Assosiasiyasının həmtəsisçisi Əliağa Sultanov çıxış edərək, Xocalı soyqırımının insanlıq tarixində unudulmaz bir səhifə olduğunu deyərək, Xocalı qurbanlarının xatirəsinin yad edilməsinin önəmini vurğulayıb, beynəlxalq birliyin belə faciənin təkrarlanmaması üçün birgə səylər göstərməsinin zəruriliyini qeyd ediblər.
Tədbirdə “Xocalı nişanəsi” sənədli filmi və pianoçu, dirijor, bəstəkar Abuzər Manafzadənin “Xocalıya” əsərinin videoklipi nümayiş etdirilib.
İştirakçılar soyqırımının bütün ağrılarını hiss etdirən fotosərgi ilə də tanış olublar.

