Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına səfəri zamanı imzalanan sənədlər və keçirilən müzakirələr iki ölkə arasında münasibətlərinin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Ölkə başçıları mətbuata verdikləri bəyanatlarında münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını qeyd etdilər. İndiyədək imzalanan 57 sənəd sosial həyatın bütün sahələrində, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmindir.
“Tehsil365“ AzEdu.az-a istinadən xəbər verir ki,ilk növbədə, ölkəmizdə Serbiya üzrə kadr hazırlığı tələb olunur. Balkan ölkələri, o cümlədən Serbiya üzrə mütəxəssislər əsasən Bakı Slavyan Universitetinin Balkanşünaslıq kafedrasında hazırlanır. Serbiya istiqaməti xüsusi xətt kimi formalaşmaqdadır. Serb dili, ədəbiyyatı, tarixi, coğrafiyası, etnoqrafiyası və mədəniyyəti öyrədilir, multidissiplinar yanaşma tətbiq olunur.
Mütəxəssis hazırlanmasında iki ölkənin müvafiq qurumları arasında əlaqələr müstəsna rol oynadığından Bakı Slavyan Universiteti ilə Serbiya universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlığı nəzərdə tutan müxtəlif memorandum və niyyət protokollarının imzalanması üçün hüquqi baza formalaşdırılmışdır. Həmin sənədlər tələbə və müəllim mübadiləsi, birgə magistr və doktorantura hazırlığı, ortaq elmi layihələrin və konfransların keçirilməsi üçün imkanlar açır. Serbiyanın Avropa ali təhsil məkanındakı təcrübəsi, Azərbaycanın isə regional təhsil mərkəzi kimi mövqeyi qarşılıqlı maraq doğurur.
Serb dilinin tədrisi, serb mədəniyyəti və ədəbiyyatı üzrə xüsusi kurs və seminarların təşkili, Serbiya-Azərbaycan ədəbi əlaqələri mövzusunda elmi-tədqiqat işlərinin aparılması, serb yazıçılarının əsərlərinin Azərbaycan dilinə, Azərbaycan müəlliflərinin əsərlərinin serb dilinə tərcümə təşəbbüsləri, Serbiya universitetləri ilə birgə konfranslar, yay məktəbləri və akademik mübadilə proqramları, Balkan regionunda tarixi yaddaş və milli kimlik məsələlərinə həsr olunmuş müqayisəli tədqiqatların aparılması əsas prioritet məsələlərdir. Bu fəaliyyətlər Azərbaycanda Balkanşünaslığın yalnız regional yox, həm də humanitar diplomatiya vasitəsi kimi inkişafına töhfə verir. Birgə elmi forum və konfransların keçirilməsi, universitetlərdə serb və Azərbaycan ədəbiyyatının qarşılıqlı tədrisi mədəni-humanitar dialoqun dərinləşməsinə zəmin yaradır. Ortaq proqramlar gənc tədqiqatçıların əlaqələrinin qurulmasına, tanınmasına, mədəni müxtəlifliyin dərk edilməsinə və intellektual potensialın güclənməsinə xidmət göstərir.
Azərbaycanda Balkan araşdırmaları üzrə platformanın qurulması məqsədilə hər il Bakı Slavyan Universitetində Beynəlxalq Balkanşünaslıq Konfransı keçirilir. Serbiya ilə akademik əlaqələrin inkişafında mühüm addımlardan biri həm I Beynəlxalq Balkanşünaslıq Konfransında, həm də II Beynəlxalq Balkanşünaslıq Konfransında Serbiya alimlərinin fəal iştirakı oldu. Serbiya Elmlər Akademiyasının dosenti Mariya Jinjiçin və Belqrad Universitetinin dosenti Branko Vraneşin məruzələri Serbiya-Azərbaycan elmi dialoqunun real nümunəsinə çevrildi. Branko Vraneş tərəfindən Balkan regionunun tarixi-mədəni inkişafı, eləcə də Serbiya ədəbiyyatının ümumbalkan kontekstində yeri ilə bağlı səsləndirilən fikirlər konfransın elmi səviyyəsini yüksəltməklə yanaşı, gələcək birgə tədqiqatlar üçün də zəmin yaratdı.
Serb ədəbiyyatının dünya miqyasında tanınan siması, Nobel mükafatı laureatı İvo Andriçin yaradıcılığı Balkanşünaslıq kafedrası üçün xüsusi tədqiqat predmetidir. Məhz bu baxımdan İvo Andriçin yaradıcılığı Branko Vraneş tərəfindən Bakı Slavyan Universitetinin tələbələrinə tanıdıldı. Eyni zamanda Beynəlxalq Balkanşünaslıq Konfransının müxtəlif bölmələrində İvo Andriçin yaradıcılığı ilə bağlı universitetin professor və müəllimlərinin məruzələri dinlənildi. Bu tədqiqatlar Serbiya-Azərbaycan ədəbi-humanitar əlaqələrinin təzahürü kimi qiymətlidir. Məruzələrdə İvo Andriçin əsərlərində Balkan tarixinin bədii təcəssümü, mədəniyyətlərarası münasibətlər və insan taleyi mövzuları Balkanşünaslıq kontekstində təhlil edilmiş, Azərbaycan ədəbiyyatı ilə ideya paralelləri vurğulanmışdır. Bu cür akademik təşəbbüslər tədqiqatçılarda, tələbələrdə Balkan regionuna elmi marağın artmasına xidmət edir. Serb və Azərbaycan ədəbiyyatları arasında ideya və mövzu paralelləri bu əməkdaşlığın mədəni-intellektual əsasını təşkil edir. Tarixi yaddaş, vicdan və mənəvi məsuliyyət kimi ümumbəşəri dəyərlər üzərində qurulan bu dialoq iki xalq arasında uzunmüddətli humanitar tərəfdaşlıq üçün möhkəm zəmin yaradır.
Beləliklə, Azərbaycanda Serbiya üzrə mütəxəssis hazırlığı sistemli və perspektivli istiqamət kimi formalaşır. Bakı Slavyan Universitetinin Balkanşünaslıq kafedrasında görülən işlər Azərbaycan-Serbiya münasibətlərinin humanitar ölçüsünü gücləndirir, Balkanşünaslığın elmi və mədəni diplomatiya platforması kimi inkişafına xidmət edir. Bu fəaliyyətlərin davamlı xarakter alması Azərbaycanda Balkan regionu üzrə aparıcı elmi mərkəzin formalaşmasına real zəmin yaradır.

