Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində universitetin müəllim-tələbə heyətinin və media nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.
“Tehsil365” AZƏRTAC istinadən xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri xəbər verib, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tədbirdə çıxış edərək, Xocalı faciəsinin Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz buraxdığını, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan insanlığa qarşı ağır cinayət olduğunu bildirib.
Ombudsman qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 dinc sakin, o cümlədən qadın və uşaqlar amansızcasına qətlə yetirilib, minlərlə insan doğma yurd-yuvasından didərgin salınıb. Müvəkkil bu faciənin azərbaycanlılara qarşı həyata keçirilmiş sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb.
Bildirilib ki, Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilib, sonrakı dövrdə isə dövlət tərəfindən faciənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl addımlar atılıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyası bu istiqamətdə mühüm rol oynayıb.
Ombudsman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu, müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edildiyini vurğulayıb.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov Xocalı soyqırımının milli yaddaşımızda və dövlətçilik şüurumuzda mühüm yer tutan faciə olduğunu bildirib. Qeyd edib ki, Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində bu hadisənin anılması rəmzi məna daşıyır.
Rektor vurğulayıb ki, universitetin əsas prioritetlərindən biri tələbələrin tarixi həqiqətlər və vətənpərvərlik ruhunda formalaşdırılmasıdır. O bildirib ki, ali təhsil ocağı regionun elmi, sosial və intellektual inkişafına töhfə verən mühüm mərkəz kimi fəaliyyət göstərir.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı, Xocalı hadisələrinin şahidi Füqurə Rüstəmova çıxış edərək, faciə gecəsi yaşadıqlarını bölüşüb, gəncləri tarixi unutmamağa və həqiqətləri gələcək nəsillərə çatdırmağa çağırıb.
Anım tədbirində Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonda Ombudsmanın Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanatı səsləndirilib.
İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva jurnalistlərə müsahibəsində bildirib ki, Xocalı soyqırımının 34-cü ildönümünün işğaldan azad edilmiş Xankəndi şəhərində, Qarabağ Universitetində keçirilməsi böyük rəmzi məna daşıyır. “Qan yaddaşımızın gənc nəsil arasında təbliğ olunmasının böyük əhəmiyyəti var. Bu kimi tədbirlərin burada keçirilməsi olduqca vacibdir”, - deyə ombudsman vurğulayıb.
Tədbirdən sonra insan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva Qarabağ Universitetində yaradılan şəraitlə tanış olub

