Şəhərlərin planlaşdırılması, ərazilərin hüquqi rejiminə və məqsədli təyinatına görə səmərəli istifadə olunması, perspektiv idarəetmə sisteminin təkmilləşdirilməsi neçə əsrlərdir (xüsusilə XIV-XV əsrlərdən, Böyük Coğrafi Kəşflərdən sonra) ki, dünyanın qabaqcıl ölkələrinin rəhbərləri və alimləri tərəfindən diqqət mərkəzində saxlanılıb.
XVII-XVIII əsrlərdə Sənaye inqilabları şəhərlərin coğrafi məkan əhatəsini, əhali sayını, inzibati-idarəetmə funksiyalarını, ictimai-iqtisadi imkanlarını, hüquqi, mədəni statuslarını genişləndirməklə inkişaf istiqamətlərini də xeyli şaxələndirib. XX-XXI əsrlərdə isə qlobal miqyasda şəhər təsərrüfatının beynəlxalq siyasi-iqtisadi inteqrasiyası qarşıya həlli daha vacib məsələlərin kompleks icrası zəruriliyini qoyub, bu sahədə dünya ölkələrinin birgə fəaliyyətinin əlaqələndirilməsi kimi inzibati-iqtisadi və elmi-funksional tədbirlərin müzakirəsini, səmərəli nəticələrin nəzərə alınmasını və elmi-nəzəri, təcrübi əhəmiyyət kəsb edən nəticələrin mübadiləsini qaçılmaz edib. Artıq dünya əhalisinin yarıdan çox hissəsinin şəhərlərdə məskunlaşması (4,2-4,4 milyard əhali (56 faiz) şəhərlərdə yaşayır, bu göstərici 2050-ci ildə 68 faiz olacağı gözlənilir) idarəetmə və sosial strukturların müasir rəqəmsallaşması ideyasına yönəlik formalaşması faktiki mövcudluq kimi qəbul edilir, bu sıraya ekoloji kadastr sisteminin təsirini də əlavə etmək olar.
“Tehsil365" xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi aqrar elmlər üzrə fəlsəfə doktoru Qismət Yunusoğlunun “Ümumdünya Şəhərsalma Forumunun Azərbaycan ünvanı” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Bakıda keçirilməsi (keçmiş İttifaqda ilk sənaye şəhərinin Baş planı məhz bu şəhərin timsalında hazırlanıb) barədə qərar təsadüfi deyil. Bakı tarixi-coğrafi mövqeyinə görə sivilizasiyalar qovşağında yerləşən əhali məskunlaşma ocağı kimi Şərq və Qərb şəhərsalma ənənələri, sənaye və ətraf mühitin qarşılıqlı əlaqəsinin ekoloji təsviri, beynəlxalq logistik-ticarət yollarının kəsişməsi, milli-mədəni və multikultural mərkəz kimi mühüm əhəmiyyət kəsb etdiyindən perspektiv planlaşdırma imkanlarının düzgün qiymətləndirilməsi baxımından ümumdünya yaşayış zonası əhəmiyyətinə malikdir. Həmçinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan “Ağıllı şəhərsalma təsərrüfatı” və beynəlxalq əhəmiyyətli infrastruktur (“Sənaye parkları”, “Azad iqtisadi zonalar”, “Bərpaolunan enerji mənbələrinin istehsala cəlb edilməsi”, “Təmiz ekoloji-rəqəmsal iqtisadiyyatın formalaşması” və s.) sistemin quruculuğu, genişmiqyaslı regional və beynəlxalq layihələrin icrası, şəhərsalma təsərrüfatı ilə ətraf mühitin bütövlüyünün təmin edilməsi, COP-29 tədbirlərinin ətraf mühit və yaşayış zonalarının perspektiv inkişafına təsiri amillərinin qiymətləndirilməsi BMT-nin müvafiq qərarının təsadüfi olmadığını göstərir.
Bir çox dünyəvi şəhər təsərrüfatı aşağıdakı istiqamətlərin beynəlxalq miqyasda həlli vacibliyini də qarşıya qoyub:
-şəhər təsərrüfatının hüquqi idarəedilməsinin inzibati və ictimai dayanıqlı, davamlı institusional- struktural fəaliyyət sisteminin uzlaşdırılması;
-iqtisadi-təsərrüfat sahələrinin şəhər ərazisi üzrə yerləşdirilməsinin, ölkə üzrə şəhər əhalisinin proporsional paylanmasının düzgün planlaşdırılması;
-demoqrafik göstəricilərin şəhər zonaları üzrə “Ağıllı idarəedilməsi” və tənzimlənməsinin təmin edilməsi;
-şəhərsalma təsərrüfatının və şəhər kadastr sisteminin “Ağıllı idarəetmə-rəqəmsal iqtisadiyyat prinsipinə uyğunlaşdırılması” layihələrinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üzrə təcrübəsinin beynəlxalq qiymətləndirilməsi;
-ekoloji mühit amillərinin şəhər təsərrüfatının idarəedilməsində mütləq nəzərə alınması, bu sahədə hüquqi rejimin mütəhərrikliyi.
Göründüyü kimi, bu önəmli tədbirin Bakıda keçirilməsi Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı islahatlar, uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlər, habelə ölkəmizin bu sahədə beynəlxalq iqlim dəyişikliyi forumunun davamı olaraq qlobal gündəliyə verdiyi töhfələr sayəsində ümumdünya nüfuzunun ən yüksək səviyyədə olmasının daha bir nümunəsidir.

