“Biz tədrisi keçək, tərbiyəni etməyək və ya tərbiyəni edək, tədrisi keçməyək yanaşması qətiyyən yol verilməzdir. Hər ikisi vəhdətdə təşkil olunmalı və şagirdin inkişafı istiqamətində faydalı olmalıdır,” – deyə Ramin Nuruəliyev vurğulayıb.
Təhsil eksperti Ramin Nuruəliyev “Tehsil365”ə açıqlamasında bildirib ki, orta ümumi təhsil məktəbləri yalnız təlim deyil, həm də tərbiyə ocağıdır. Onun sözlərinə görə, şagird məktəbə ailədən aldığı tərbiyəni gətirir, lakin müəyyən boşluqlar pedaqoji heyət tərəfindən tamamlanır. Bu prosesdə valideyn, müəllim və şagird arasında qarşılıqlı hörmət və dəstək mütləqdir.
Ekspert vurğulayıb ki, ideal modeldə valideyn evdə müəllimi təbliğ etməli, onun zəhmətindən danışmalı, müəllim isə məktəbdə valideynin əziyyətini və hörmətini şagirdə çatdırmalıdır. Bu qarşılıqlı münasibət şagirdin mənəviyyatına müsbət təsir göstərir və onun həyat fəaliyyətində irəliləyişlərə səbəb olur.
Nuruəliyev qeyd edib ki, bəzi hallarda valideynlər müəllimləri uşaqların yanında tənqid edir və bu, şagirdin gözündə müəllimin nüfuzunu azaldır. Müəllim nüfuzunu itirdikdə isə təlim və tərbiyə prosesini həyata keçirmək çətinləşir. “Müəllim şagirdin gözündən düşdüyü halda, onun sözünün təsir gücü zəifləyir və bu, təlim-tərbiyə prosesinə ciddi maneələr yaradır,” – deyə ekspert əlavə edib.
Onun fikrincə, məktəbi yalnız təlim ocağı kimi görmək yanlış yanaşmadır. Məktəbdə həm tədris prosesi, həm də mənəvi tərbiyə paralel şəkildə aparılmalıdır. Təlim tərbiyəsiz, tərbiyə isə təlimsiz faydasızdır. Hər iki proses bir-birini tamamlayaraq şagirdin inkişafına müsbət təsir göstərir.
Ekspert bu məsələyə daha geniş yanaşaraq bildirib ki, məktəbdə verilən biliklər uşağın həyat fəaliyyətinə yön verməlidir. Əgər təlim metodunda tərbiyəvi ünsürlər yer almazsa, həmin biliklər uşağın formalaşmasına ciddi təsir göstərməyəcək. Eyni zamanda, tərbiyə də uşağın təhsilinə müsbət təsir oyatmalıdır. Əks halda, tərbiyənin də mənası qalmır.
Ekspert sonda qeyd edib ki, orta ümumi təhsil məktəblərində təlim və tərbiyə vəhdətdə təşkil olunmalı, valideyn–müəllim–şagird üçbucağına xüsusi diqqət yetirilməlidir. Şagird bu münasibətləri görməli, anlamalı və öz həyatında tətbiq etməlidir. Bu halda, onun mənəvi inkişafında və təhsilində ciddi irəliləyişlər müşahidə olunacaq.

