Muradovun fikrincə, ölkədə dil tədrisi prioritetləri məhz bu üç əsas dil – ingilis, rus və çin dilləri üzərində qurulmalıdır. Bu yanaşma həm gənclərin beynəlxalq rəqabət qabiliyyətini artıracaq, həm də ölkənin iqtisadi və mədəni əlaqələrini gücləndirəcək.
Təhsil eksperti Elçin Muradov “Təhsil365”ə verdiyi açıqlamada bildirib ki, ölkəmizdə hazırda ən çox ehtiyac duyulan dillər ingilis, rus və çin dilləridir. Onun sözlərinə görə, bu dillərin hər biri müxtəlif sahələrdə strateji əhəmiyyət daşıyır və gənclərin gələcək iş imkanlarını birbaşa formalaşdırır.
Muradov qeyd edib ki, ingilis dili beynəlxalq səviyyədə ünsiyyətin əsas vasitəsi olaraq bütün dünyada qəbul olunur. Bu dilin öyrənilməsi həm təhsil, həm də biznes sahəsində geniş imkanlar açır: "İngilis dili olmadan beynəlxalq əməkdaşlıqda iştirak etmək, xarici universitetlərdə təhsil almaq və ya qlobal şirkətlərdə çalışmaq demək olar ki, mümkünsüzdür."
Ekspertin sözlərinə görə, rus dili xüsusilə Qafqaz bölgəsində və postsovet məkanında geniş istifadə olunur. Azərbaycanda bir çox iş sahələrində rus dilinə tələbat hələ də yüksəkdir: "Rus dili regionda ünsiyyət dili olaraq qalır və bir çox sahələrdə iş imkanlarını artırır."
Muradov vurğulayıb ki, müasir dövrdə Çinlə əməkdaşlıq sürətlə genişlənir. Bu isə çin dilinin öyrənilməsini vacib ünsürlərdən birinə çevirir: "Çinlə iqtisadi əlaqələrin artması fonunda çin dilini bilən mütəxəssislərə ehtiyac getdikcə artır. Bu dil yaxın illərdə ölkəmizdə ən çox tələb olunan dillərdən biri olacaq."
Ekspert əlavə edib ki, fransız, alman və digər Avropa dilləri əsasən səfirliklərdə, universitetlərdə və orta məktəblərdə fənn kimi tədris olunur. Onların istifadəsi daha məhdud sahələrlə məhdudlaşır: "Bu dillər yalnız müəyyən diplomatik və akademik mühitlərdə tələb olunur, lakin geniş iş bazarında ingilis, rus və çin dilləri qədər əhəmiyyət daşımır."

