Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində “Nərəkimilərin Azərbaycanda akvakultura imkanları” mövzusunda elmi seminar keçirilib.
Bu barədə “Tehsil365"ə universitetdən məlumat verilib
Seminarda Zoologiya və fiziologiya kafedrasının saathesabı müəllimi Zaur Salmanlı məruzə edib. Bildirib ki, Azərbaycanda nərə cinsli balıqların yetişdirilməsi tarixi ənənələrə əsaslanır və müasir mərhələdə strateji iqtisadi istiqamət kimi xüsusi əhəmiyyət daşıyır. Xəzər hövzəsində yayılmış nərəkimilərin qara kürü istehsalında mühüm rol oynadığı, onların akvakultura şəraitində yetişdirilməsinin isə yüksək ixrac potensialı yaratdığı vurğulanıb.
Çıxış zamanı nərəkimilərin bioloji xüsusiyyətləri (uzunömürlülük, gec cinsi yetkinlik, yüksək kürü məhsuldarlığı və xüsusi ekoloji tələblər) nəzərə alınaraq qəfəslərdə, hovuzlarda və nohur tipli təsərrüfatlarda yetişdirilməsi imkanları təhlil olunub. Respublika üzrə şirin su ehtiyatlarının məhdudluğu fonunda qapalı su dövriyyə sistemləri kimi müasir və sudan qənaətedici texnologiyaların tətbiqinin aktuallığı qeyd edilib. Bildirilib ki, nərəkimilərin akvakultura şəraitində yetişdirilməsi aqrar sektorun şaxələndirilməsinə, regionlarda məşğulluğun artırılmasına, təbii populyasiyaların qorunmasına və qida sənayesinin xammal bazasının gücləndirilməsinə mühüm töhfə verə bilər.
Seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi apararaq Azərbaycanda davamlı və ixracyönümlü akvakultura sektorunun inkişaf perspektivlərini müzakirə ediblər.

