Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsini milli siyasətin prioritet istiqamətlərindən biri kimi qeyd edib. Dövlətimizin başçısı çıxışında dilin saflığının qorunmasının, onun qloballaşma şəraitində zənginliyinin və funksionallığının təmin edilməsinin vacibliyini vurğulayıb. O, həmçinin elmi ictimaiyyətin bu prosesdə fəal iştirakının əhəmiyyətini diqqətə çatdırıb və Azərbaycan dilinin milli kimliyin əsas dayağı olduğunu bildirib.
Bu barədə “Tehsil365” AZƏRTAC-a istinadən məlumat verir ki,Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi texnika üzrə fəlsəfə doktoru Əfruz Qurbanova danışıb. O, institutda aparılan tədqiqatlar çərçivəsində terminoloji informatika, mətnlərin intellektual analizi, avtomatik referatlaşdırma və plagiatlığın aşkarlanması, nitq texnologiyaları və səsə görə biometrik identifikasiya sahələrində mühüm elmi nailiyyətlərin əldə edildiyini qeyd edib. Eyni zamanda, milli domen adlarının intellektual monitorinqi, milli terminoloji informasiya sisteminin formalaşması, dil biliklərinin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə qiymətləndirilməsi və elektron dövlət–vətəndaş platformasında məlumatların intellektual analizi sahəsində aparılan tədqiqatların Azərbaycan dilinin İKT problemlərinin həllinə və ümumilikdə ana dilinin qorunması və inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Əfruz Qurbanova bildirib ki, institutda aparılan tədqiqatlar Azərbaycan dilinin İKT sahəsində mövcud problemlərin həllinə, eləcə də ana dilimizin qorunması və inkişafına əhəmiyyətli töhfə verir. Bu sahədə əldə olunan nailiyyətlər həm elmi ictimaiyyətin, həm də cəmiyyətin istifadəsinə təqdim olunur. Belə təşəbbüslər dilimizin zənginliyinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi önəm daşıyır.

