Təhsil xidmətləri myGov-la daha sadə, çevik və vahid mühitdə təqdim olunur".
“Tehsil365" xəbər verir ki, bu sözləri Azərbaycan Təhsil Şəbəkəsinə qoşulma dinamikası üzrə brifinqdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib.
“Növbəti tapşırıq isə, bildiyiniz kimi, ölkədə qəbul olunmuş strategiya və qərarlara uyğun olaraq elektron xidmətlərin myGov platformasına daşınması ilə bağlıdır. Bu proses artıq mərhələli şəkildə həyata keçirilir.
Hazırda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan 8 elektron sənəd myGov platforması üzərindən vətəndaşların istifadəsinə verilib. Eyni zamanda, təhsil ödənişləri xidməti də myGov üzərindən təqdim olunur və bu platforma vasitəsilə müvafiq elektron sənədlərin əldə edilməsi mümkündür.
Hazırda daha 3 elektron xidmətin myGov platformasına miqrasiyası üzrə işlər yekunlaşmaq üzrədir. Bu xidmətlər myGov-un əsas prinsiplərinə uyğun olaraq “həyat hadisələri” yanaşması əsasında qurulur.
Söhbət bu xidmətlərdən gedir: Məktəbəqədər təhsil müəssisələrinə qəbul; Ali təhsilə qeydiyyat; Ali təhsildə ixtisasın dəyişdirilməsi.
Bu xidmətlərin “transversal sistem” üzərindən myGov platformasına inteqrasiyası hazırda keçid mərhələsindədir və prosesin tamamlanması ilə vətəndaşlar üçün daha sadə, çevik və vahid elektron xidmət mühiti formalaşacaq".

