Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olmuş tanınmış qoboyçu, alim və pedaqoq Azər Canbaxış oğlu Abdullayevin xatirəsi ehtiramla yad edilir.
“Tehsil365” xəbər verir ki, 1929-cu il fevralın 25-də Bakı şəhərində anadan olan Azər Abdullayev uzun illər ərzində həm ifaçı, həm də elm xadimi kimi səmərəli fəaliyyət göstərib. O, Azərbaycan-sovet musiqi məktəbinin formalaşmasında və qoboy ifaçılıq ənənələrinin inkişafında xüsusi rol oynayıb.
Peşəkar səhnə fəaliyyəti ilə yanaşı, elmi-pedaqoji sahədə də mühüm uğurlar qazanan sənətkar elmlər doktoru, professor kimi bir çox gənc musiqiçinin yetişməsinə töhfə verib. Onun elmi araşdırmaları və metodiki işləri musiqi təhsilinin inkişafına xidmət edib.
Azər Abdullayev 2008-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. O, 2010-cu il iyunun 18-də Bakıda vəfat edib. Zəngin yaradıcılıq yolu və çoxşaxəli fəaliyyəti ilə Azərbaycan musiqi tarixində özünəməxsus yer tutan sənətkarın xatirəsi daim yaşayır.

