Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, xanəndə, bəstəkar və pedaqoq Əlibaba Balaəhməd oğlu Məmmədovin xatirəsi sənət ictimaiyyəti tərəfindən dərin ehtiramla yad edilir.
“Tehsil365” xəbər verir ki, 1930-cu il fevralın 5-də Maştağa qəsəbəsində anadan olan sənətkar uzun illər Azərbaycan muğam məktəbinin inkişafına misilsiz töhfələr verib. Güclü ifaçılıq məharəti, zəngin repertuarı və klassik muğam ənənələrinə sədaqəti ilə seçilən Əlibaba Məmmədov milli musiqi irsinin qorunması və təbliğində mühüm rol oynayıb.
O, həmçinin pedaqoji fəaliyyət göstərərək bir çox gənc xanəndələrin yetişməsində iştirak edib, musiqişünas alim və professor kimi elmi fəaliyyətlə də məşğul olub. İctimai xadim kimi mədəni həyatın müxtəlif sahələrində fəallıq nümayiş etdirib.
Sənətkar 1989-cu ildə “Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülüb. O, həmçinin “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunub.
Əlibaba Məmmədov 2022-ci il fevralın 25-də Bakı şəhərində vəfat edib. Onun zəngin yaradıcılığı və sənət irsi Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna daxil olub və gələcək nəsillər üçün dəyərli irs kimi yaşayır.

