Fevralın 25-də Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan “Tehsil365"ə bildirilib ki, tədbirdə Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kiçik elmi işçi Günel Qurbanlı və Şuranın üzvləri çıxış ediblər.
Məruzəçilər 1992-ci il fevralın 26-da Xocalıda törədilən qətliamın yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətin yaddaşında iz qoyan ağır bir cinayət olduğunu vurğulayıblar. O gecə dinc əhaliyə misli görünməmiş divan tutulub, yüzlərlə günahsız insan düşmənin amansız hücumu nəticəsində qətlə yetirilib, minlərlə insan yaralanıb, əsir və girov götürülüb.
Faciədən 28 il sonra 44 günlük Vətən müharibəsi dövründə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğalda azad etməklə xalqımıza qürur yaşadıblar. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağının ucaldılması təkcə hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpası, şəhidlərimizin ruhu qarşısında mənəvi borcumuzun yerinə yetirilməsi idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, güclü ordu quruculuğu və xalq-ordu birliyi bu möhtəşəm nəticəni təmin edib.

