1988-ci ildən başlayan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən faciəli hadisələrindən biri olan Xocalı soyqırımının ildönümü ölkədə dərin ehtiramla yad edilir.
“Tehsil365" xəbər verir ki, XX əsrin ən qəddar faciələrindən sayılan hadisə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Qarabağın qədim yaşayış məskənlərindən olan Xocalı şəhərində baş verib.
Faciəyədək Xankəndi şəhərindən 14 kilometr şimal-şərqdə yerləşən Xocalıda təxminən 7 min nəfər əhali yaşayırdı. Münaqişə dövründə Ermənistandan və Xankəndindən didərgin düşən azərbaycanlılar, eləcə də 1989-cu ildə Fərqanədən qovulan məhsəti türkləri də şəhərdə məskunlaşmışdı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə şəhərə hücum edib. Xocalı dörd tərəfdən mühasirəyə alınaraq artilleriya və ağır texnikadan intensiv atəşə tutulub, qısa müddətdə yaşayış məntəqəsi alova bürünüb və fevralın 26-sı səhər saatlarınadək şəhər işğal edilib.
Şəhəri tərk etməyə məcbur qalan sakinlər dağlara və meşələrə üz tutsa da, silahlı hücumlar nəticəsində çoxsaylı itkilər verilib. Rəsmi məlumatlara görə, faciə zamanı 613 nəfər öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi isə naməlum qalıb. Həlak olanların 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. Hadisə nəticəsində 8 ailə tamamilə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Azərbaycan dövləti və xalqı faciə qurbanlarını hər il ehtiramla yad edir. Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə hadisə ilə bağlı xüsusi fərman imzalayıb, Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub. 1997-ci ilin 25 fevral tarixində isə qurbanların xatirəsinə sükut dəqiqəsi elan olunması barədə növbəti fərman verilib. Hər il fevralın 26-da ölkə başçısı faciə ilə bağlı xalqa müraciət edir.
Qeyd edək ki, “Təhsil365” İnformasiya Agentliyinin layihəsi olan “Şəhidin səsi” proqramının növbəti buraxılışı bu gün saat 18:00-da aparıcı Rəşanə Quliyevanın təqdimatında yayımlanacaq. Proqramda Xocalı faciəsinin şahidlərinin xatirələri, tarixi faktlar və şəhidlərin həyat hekayələri təqdim olunacaq.

