Psixoloq ekspert Mələk Kərimova bildirir ki, insan biopsixososial varlıqdır və onun həm bioloji, həm psixoloji, həm də sosial təməl ehtiyacları mövcuddur. Qidalanma, təhlükəsizlik və sığınacaq kimi əsas ehtiyacların qarşılanması insanın psixikasının sabitliyi üçün fundamental əhəmiyyət daşıyır.
Mələk Kərimova “Tehsil365”-ə verdiyi açıqlamada qeyd edir ki, işləmək və hər hansı bir peşə ilə məşğul olmaq yalnız maddi təminat vasitəsi deyil, həm də insanın sosial kimliyini, faydalılıq hissini və cəmiyyətə aidlik duyğusunu formalaşdıran əsas faktorlardandır. İşsizlik yarandıqda insan yalnız gəlir mənbəyini itirmir; eyni zamanda özünü dəyərli və faydalı hiss etmə ehtiyacı zərbə alır.
Xüsusilə universitet məzunları üçün iş tapa bilməmək “Mən niyə oxudum?”, “Zəhmətimin mənası nə oldu?” kimi suallara səbəb ola bilər ki, bu da özünə inamın zəifləməsinə və emosional gərginliyin artmasına gətirib çıxarır.
Ekspert vurğulayır ki, gələcək onsuz da müəyyən qədər qeyri-müəyyəndir. Lakin insan beyni plan qurmağa, gələcəyi təsəvvür etməyə və nəzarət hissi yaratmağa meyllidir. İşsizlik vəziyyətində bu planlaşdırma prosesi zədələnir və qeyri-müəyyənlik hissi güclənir. Uzunmüddətli qeyri-müəyyənlik isə narahatlıq pozuntularına və hətta depressiv vəziyyətlərə yol aça bilər.
Bu səbəbdən Mələk Kərimova tövsiyə edir ki, uzunmüddətli işsizlik dövründə psixoloji dayanıqlılığı qorumaq üçün insan öz bacarıqlarını yenidən qiymətləndirməli, yeni resurslar axtarmalı, əlavə bilik və səriştələr qazanmalı, həmçinin şəxsi maneələr üzərində işləməlidir. Bu həm özünə inamın qorunmasına, həm də gələcəklə bağlı daha real və konstruktiv baxışın formalaşmasına kömək edir.

