Tanınmış dilçi-alim Mədəd Çobanov Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tədqiqi istiqamətində fundamental elmi fəaliyyət göstərib. Alimin 2001-ci ildə başladığı araşdırmaların nəticəsi olan “Birinci Türkoloji Qurultay və türk dillərinin müasir problemləri” kitabı ilk dəfə 2006-cı ildə Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr edilib.
“Tehsil365" xəbər verir ki, oxucuların və tədqiqatçıların böyük marağına səbəb olan bu əsər Türkoloji Qurultayın 100 illik yubileyi ərəfəsində nəfis tərtibatla yenidən işıq üzü görüb.
Kitabda Qurultayın mahiyyəti geniş təhlil olunur. Türk dillərinin müasir problemlərinə toxunan alim qeyd edir ki, Avropa və Asiya qitələrində məskunlaşan türk xalqlarının şərəfli tarixi yalnız arxiv sənədlərində və daş kitabələrdə deyil, həm də onların mənşə və tipologiya baxımından yaxın olan dillərinin “tarixi yaddaşı”nda həkk olunaraq günümüzə qədər gəlib çatıb.
Məsələni dövrün ən aktual problemi kimi dəyərləndirən Mədəd Çobanov çıxış yolunu türklərin öz qədim soykökünə - tarixinə, mədəniyyətinə, sınaqlardan keçmiş adət-ənənələrinə və etik-estetik görüşlərinə qayıtmaqda görür. O, Altay epoxasından bəri mövcud olan dil birliyinin bərpası üçün elmi əsaslara söykənən mülahizələr irəli sürür.
Müasir dövrdə türk xalqlarının inteqrasiyasını zəruri hesab edən müəllif yazıb: “Dünyada mənşəcə qohum və ya eyni inanca sahib olan xalqlar siyasi-iqtisadi baxımdan yaxınlaşdığı bir vaxtda, soykökü, dini və mədəniyyəti bir olan türk xalqlarının strateji birliyi günün ən aktual məsələsinə çevrilməlidir”.
Mərhum türkoloqun qənaətinə görə, problemin həlli yolu türk xalqlarının ədəbi dillərinin birliyinə nail olmaqdan keçir. Tədqiqatçı vurğulayıb ki, hər bir xalq bəşəriyyətə özünü ana dili vasitəsilə təqdim edir. Bu təqdimat isə etnoqrafik, etnopsixoloji və mifoloji qatların strateji vəhdətində özünü büruzə verir.
Qeyd edək ki, kitabın elmi redaktoru akademik Nizami Cəfərovdur. Nəşrə geniş və əhatəli “Ön söz”ü isə alimin yetirməsi dosent Razim Məmmədli yazıb.

