Tarix sahəsində 2025-ci ilin ən mühüm elmi nəticəsi Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi dosent Azad Zeynalovun Xocavənd rayonundakı qədim Tağlar mağarasından Azərbaycan-Yaponiya birgə elmi ekspedisiyası ilə apardığı birgə arxeoloji qazıntı zamanı neandertal insanın 80 min il bundan əvvələ aid olan yeni poleontropoloji qalığının tapılmasıdır.
“Tehsil365" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli AMEA-nın illik Ümumi yığıncağında söyləyib.
“Hazırda həmin arxeoloji fakt Yaponiyada karbohidrogen analiz mərhələsindədir. Tədqiqatçıların reallığına çox inandıqları bu fakt təsdiqlənərsə, 1968-ci ildə professor Məmmədəli Hüseynovun Azıx mağarasında aşkar etdiyi ən qədim insan çənəsindən sonra aşkar edilmiş dünya əhəmiyyətli ikinci kəşf hesab ediləcək. Bundan başqa, uzun illərin fasiləsindən sonra A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Atropatena dövlətinə həsr edilmiş yeni tədqiqatın meydana çıxması da əhəmiyyətli hadisədir. Tarix və Etnologiya İnstitutunda 3 cilddə nəzərdə tutulmuş Azərbaycan Respublikasının tarixinin, müstəqillik tariximizin hazırlanması sahəsindəki işlər də Prezidentimizin çağırışlarına tarix elminin cavabıdır”, - deyə akademik İsa Həbibbəyli qeyd edib.
AMEA rəhbəri, həmçinin vurğulayıb ki, Humanitar və İctimai Elmlər Bölməsinin elmi-tədqiqat institutlarında, sahə elmi təşkilatlarında və ali məktəblərdə, universitetlərdə Qarabağ, Şərqi Zəngəzur, Böyük Qayıdış hərəkatı, reinteqrasiya, Qafqaz Almaniyası ilə əlaqədar tədqiqatların əhatə dairəsinin genişləndirilməsi, nəzəri səviyyəsinin və praktik əhəmiyyətinin artması da xüsusi əhəmiyyətə malikdir.

