Akademiyanın Biologiya və Tibb Elmləri Bölməsini əhatə edən institutlarda 2025-ci ildə biologiya, tibb, aqrar və ekologiya elmləri üzrə böyük elmi və praktik əhəmiyyət daşıyan tədqiqat nəticələri əldə olunub.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında çıxışı zamanı söyləyib. O, Azərbaycan Prezidentinin ölkədə səhiyyənin inkişafına böyük diqqət ayırdığını vurğulayıb. Bildirib ki, 2025-ci ilin payızında ilk dəfə meyit donordan ürək köçürülməsi əməliyyatının həyata keçirilməsi Azərbaycan səhiyyəsi və elmi üçün tarixi hadisədir. Alim bu əməliyyatların sayının artmasının gələcəkdə həmin istiqamətdə fundamental və tətbiqi elmi tədqiqatların genişlənməsinə imkan yaradacağına əminliyini ifadə edib.
Səhiyyə komitəsinin sədri, həmçinin dövlətimizin başçısının dəstəyi və Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyevin təşəbbüsü ilə Azərbaycanda Nüvə Təbabəti Mərkəzinin yaradılmasının xərçəng xəstəliklərinin erkən diaqnostikasında mühüm rol oynadığını bildirib.
O, çıxışında minimal invaziv cərrahiyyə, reproduktiv təbabətdə yüksək texnologiyalar və kök hüceyrə tətbiqləri, robotik-cərrahi üsullar, eləcə də uşaqlarda bronxial-astma üzrə müasir yanaşmalar barədə məlumat verib.
Akademik qeyd edib ki, hesabat dövründə Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan elmi müəssisələr tərəfindən yüksək indeksli jurnallarda ümumilikdə 725 elmi məqalə dərc olunub. Onlardan “Web of Science” və “Scopus” bazalarına daxil olan jurnallarda çap edilən 457 məqalə tibb yönümlü elmi-tədqiqat və təhsil müəssisələrinin payına düşüb. Bu, Azərbaycan elminin beynəlxalq miqyasda mövqeyini əks etdirən mühüm göstəricilərdir və “elmin güzgüsü” hesab edilə bilər.
Alim ölkəmizdə elmi məktəblərin mövcud olduğunu da söyləyib. Qeyd edib ki, elmi məktəbin yaradılması və onun ənənələrini davam etdirəcək peşəkar kadrların yetişdirilməsi mürəkkəb və uzunmüddətli prosesdir. Bu baxımdan, istər AMEA, istərsə də Elm və Təhsil Nazirliyi tərəfindən ölkəmizdə mövcud elmi məktəblərə xüsusi diqqət yetirilməli, onların davamlılığı və elmi ardıcıllığı qorunmalıdır.
O, elmi potensialın ölkə üçün strateji əhəmiyyət kəsb edən yeni tədqiqat istiqamətlərinə yönəldilməsinin zəruriliyini də diqqətə çatdırıb. Bu kontekstdə postmüharibə dövründə baş verən proseslərin sosial-psixoloji aspektdən daha dərindən öyrənilməsinin aktuallıq kəsb etdiyi bildirib. Qeyd edib ki, əhali arasında formalaşmış psixososial problemlər, travmalar, demoqrafik dəyişikliklər, diaqnostika və müalicə məsələləri üzrə elmi tədqiqatların aparılması olduqca önəmlidir.

