Ərəbdilli mediada Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı məqalələr dərc edilib. Məqalələrdə Xocalı faciəsinin səbəbləri və tarixi barədə məlumat verilib.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan-Misir Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun qələmə aldığı yazılarda qeyd olunur ki, beynəlxalq hüquqa əsasən XX əsrin sonlarında Xocalıda törədilmiş bu qətliam insanlığa qarşı ən ağır cinayətlərdən biridir və soyqırımı kimi qiymətləndirilir.
Məqalələrdə Xocalı faciəsinin bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanındığı bildirilir, İslam Əməkdaşlıq Təşkilatının bununla bağlı qəbul etdiyi qərarlar xüsusi vurğulanır.
Eyni zamanda, qeyd olunur ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən və Azərbaycanla Ermənistan arasında ilkin sülh razılaşması imzalandıqdan sonra ədalətin bərqərar olacağına, Xocalı soyqırımını törədənlərin hamısının məsuliyyətə cəlb ediləcəyinə dair ümidlər artıb.

