Fevralın 25-də Azərbaycan Milli Kitabxanasında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultay: türk xalqlarının mədəni, elmi və mənəvi inteqrasiyasında tarixi mərhələ” mövzusunda elmi konfrans keçirilib.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə Milli Kitabxanadan məlumat verilib.
Bildirilib ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbirin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq baş tutduğunu qeyd edib. Direktor kitabxananın yubileylə bağlı həm qurultayın stenoqramının, həm də fundamental biblioqrafiyasının nəşrinin nəzərdə tutulduğunu söyləyib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov nazirlik tərəfindən Prezidentin Sərəncamının icrası ilə əlaqədar geniş tədbirlər planının təsdiq olunduğunu və burada il ərzində Türkoloji Qurultayın 100 illiyi ilə bağlı nəşrlərin hazırlanmasının, bədii-sənədli filmlərin çəkilməsinin, elmi dairələrin, xüsusən dəyərli ziyalıların iştirakı ilə həm ölkə daxilində, həm də xaricdə, əsasən də xarici ölkələrdəki mədəniyyət mərkəzlərimizdə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva türk xalqlarının tarixində mühüm əhəmiyyəti olan Türkoloji Qurultayın türkçülüyün, türk ruhunun başlanğıcı, cəhdi, sıçrayışı olduğunu qeyd edib, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatının yaradılması, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının və TÜRKPA-nın yaradılması, Türk Mədəniyyəti və İrsi Fondunun təsis olunması, bu gün türkdilli xalqların sıx mədəni ədəbi birliyinin formalaşması, ortaq türk əlifbasının yaradılması istiqamətində atılan uğurlu addımların ziyalılarımızın 100 il bundan əvvəl Bakıda irəli sürdükləri ideyalarının həyata keçməsinin bariz nümunələri hesab olunduğunu diqqətə çatdırıb.
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, professor Vilayət Quliyev videobağlantı vasitəsilə çıxış edərək Birinci Türkoloji Qurultayın əsas nəticələrinin latın əlifbasına keçidin genişləndirilməsi, türk dillərinin terminologiya və orfoqrafiyasının vahidləşdirilməsi, elmi əlaqələrin möhkəmləndirilməsi və türk xalqlarının mədəniyyətinin öyrənilməsi olduğunu söyləyib.
Daha sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Birinci Türkoloji Qurultay - 100” mövzusunda elektron məlumat bazasının (https://anl.az/el/emb/Turkoloji_qurultay/index.html) və Elektron virtual sərginin (https://anl.az/el/vsb/Turkoloji_Qurultay/index.htm) təqdimatı olub.
Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı, professor Jalə Əliyeva, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli və “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan çıxış edərək Birinci Türkoloji Qurultayın tarixi, elmi əhəmiyyəti haqqında danışıblar.
Sonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş ənənəvi kitab sərgisi ilə tanışlıq olub.

