Azərbaycanın İtaliyadakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən LUISS Universitetinin “Qlobal İdarəetmə və Siyasət” ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə gənclərə və onların inkişafına həsr olunmuş tədbir keçirilib.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,Azərbaycan ilə İtaliya arasında akademik və humanitar əməkdaşlığın genişləndirilməsinə həsr edilən tədbirdə çıxış edən səfir Rəşad Aslanov enerji sahəsində həyata keçirilən layihələrin iki ölkəni birləşdirən əsas istiqamətlərdən biri olduğunu qeyd edib. Azərbaycanın müstəqillik tarixi, eləcə də ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər barəsində geniş məlumat verib. Diplomat, həmçinin 2025-ci ildə hər iki ölkənin rəhbərlərinin iştirakı ilə açılan İtaliya-Azərbaycan Universitetinin perspektivləri haqqında danışıb.
Azərbaycanda gənclərin rifahı və təhsili istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti barədə məlumat verilib. Qeyd olunub ki, təhsil və məşğulluq proqramları, innovasiya təşəbbüsləri, idman və mədəniyyət layihələri gənclərin sosial-iqtisadi və ictimai həyatda fəal iştirakına xidmət edir. Bu siyasət milli dəyərlərə sadiq, savadlı və rəqabətqabiliyyətli nəslin formalaşmasına yönəlib.
İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi çıxışında iki ölkə arasında iqtisadi əlaqələrin inkişafından bəhs edib, Palatanın fəaliyyəti barədə məlumat verib və tələbələri Azərbaycanla daha yaxın tanış olmaq məqsədilə ora səfər etməyə çağırıb. O, həmçinin Heydər Əliyev Fondunun İtaliya və Vatikanda həyata keçirdiyi geniş mədəni-humanitar layihələrə toxunub və əhalisinin mütləq əksəriyyətinin müsəlmanların təşkil etdiyi ölkənin xristian mədəni irsinin qorunmasına böyük önəm verdiyini vurğulayıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə Mərkəzin fəaliyyəti, əsas prinsipləri və həyata keçirilən mədəni layihələr barədə məlumat verib, Azərbaycan mədəniyyətinin İtaliyada təbliği istiqamətində görülən işləri diqqətə çatdırıb.
Daha sonra tələbələr Azərbaycan haqqında viktorinada iştirak ediblər.
Tədbirin sonunda isə tələbələr Mədəniyyət Mərkəzində yerləşən muzeylərlə tanış olub, onlara Azərbaycan mədəniyyəti barədə ətraflı məlumat verilib.

