Qloballaşma şəraitində milli identikliyin qorunması üçün dilə yönələn təhdidlərə qarşı sistemli və elmi araşdırmaların aparılması son dərəcə vacibdir.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,bu fikirləri açıqlamasında AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev deyib.
Akademik bildirib ki, qloballaşma prosesləri fonunda dillər müxtəlif təsirlərə məruz qalır və bu təsirlərin elmi əsaslarla araşdırılması zəruridir: “Bu baxımdan İnformasiya Texnologiyaları İnstitutu Azərbaycan dilinin İKT problemlərinin tədqiqinə xüsusi önəm verir və bu sahədə aparılan elmi araşdırmalara dəstək göstərir”.
Rasim Əliquliyev vurğulayıb ki, bu istiqamətdə görülən işlərə töhfə vermək hər bir alim və tədqiqatçının vətəndaşlıq borcudur. Real və virtual məkanda dövlət maraqlarının qorunması ana dilinə məsuliyyətli münasibət tələb edir.
Akademikin sözlərinə görə, institutda aparılan tədqiqatlar rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının sürətli inkişafı şəraitində Azərbaycan dilinin qorunması və inkişafına mühüm töhfə verir. Rəqəmsal mühitdə milli dilin mövqeyinin gücləndirilməsi, terminoloji bazanın zənginləşdirilməsi və dil resurslarının formalaşdırılması strateji əhəmiyyət daşıyır. Azərbaycan dilinin rəqəmsal ekosistemdə dayanıqlılığının təmin edilməsi üçün böyükhəcmli mətn korpuslarının yaradılması, süni intellekt əsaslı dil texnologiyalarının inkişafı və milli kontentin artırılması xüsusi diqqət mərkəzində saxlanılmalıdır.

