ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbində “Kəşf et. Əlaqə qur. İnkişaf et” adlı açıq qapı tədbiri keçirilib.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, məktəbin yeni istifadəyə verilmiş məkanında təşkil edilən tədbirin məqsədi tələbələri, onların ailə üzvlərini və aqrar-qida ekosisteminin tərəfdaşlarını bir araya gətirmək, yeni məktəb-tədris-təhsil mühiti ilə tanış etmək olub.
Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri Azad Cəfərli, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva, “AgroDairy” MMC-nin baş icraçı direktoru Niyazi Əmirbəyov və digərləri fakültənin üzərinə düşən missiya, yeni təhsil mühitinin üstünlükləri barədə iştirakçılarla fikirlərini bölüşüblər.
Çıxışlarda ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatının əsas prioritetlərdən biri olduğu, aqrar sahənin strateji önəm daşıdığı, aqro-qida sistemi məsələlərinin iqlim dəyişikliyi fonunda daha mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Aqrar sahədə kadr hazırlığının vacibliyinə diqqət çəkən natiqlər bu istiqamətdə ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri məktəbinin fəaliyyətini yüksək qiymətləndirib, gələcəkdə sahə üzrə mütəxəssislərin yetişdirilməsində mühüm rolunu diqqətə çatdırıblar. Qeyd olunub ki, universitet-sənaye, habelə universitet-dövlət-özəl sektor tərəfdaşlığı yeni nəsil mütəxəssislərin formalaşmasına öz töhfəsini verəcək.
Sonra tədbir iştirakçıları aqrar sektorda çalışan 15-dək şirkətin məhsullarının sərgiləndiyi stendlərlə tanış olublar. Şirkət təmsilçiləri iştirakçılara öz məhsulları barədə geniş məlumat verib, istehsal prosesi barədə təqdimatlar ediblər.
Tədbir tələbələr, ADA Universitetinin rektoru Hafiz Paşayev, rəhbər və pedaqoji heyəti, dövlət və özəl sektorun nümayəndələri arasında səmimi dialoq və fikir mübadiləsi ilə başa çatıb.

