İsveçrə Konfederasiyanın Bazel şəhərində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə anım mərasimi keçirilib.
“Tehsil365" xəbər verir ki, “Teodors” kilsəsində keçirilən anım tədbiri “Azərbaycanın Dostları” Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşıb.
Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Fuad İsgəndərov Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş ən dəhşətli faciələrdən biri olduğunu bildirib. Birinci Qarabağ müharibəsi veteranı olduğunu qeyd edən səfir, 1992-ci il fevralın 26-da Ağdam şəhərində olduğunu və baş vermiş hadisələrə şəxsən şahidlik etdiyini vurğulayıb. O, 613 mülki şəxsin yalnız azərbaycanlı olduğuna görə xüsusi amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb. Bu cinayətin insanlığa qarşı törədilmiş ağır faciə olduğunu deyib.
Səfir Xocalı şəhidlərinin qisasının alındığını bildirərək, onların ruhlarının işğaldan azad olunmuş və sürətlə bərpa olunan Xocalıda rahatlıq tapdığına əminliyini ifadə edib.
Anım tədbirinin bədii hissəsində Şəfəq Abdullayeva (orqan), Mədinə Şahgəldiyeva (kamança) Azərbaycan folklor və bəstəkar musiqilərini ifa edib, həmçinin Naibə Turalın Xocalı soyqırımı ilə bağlı hazırladığı ədəbi-bədii kompozisiya maraqla qarşılanıb.

