Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun Aşqarlar Kimyası bölməsində Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
Bu barədə “Tehsil365"ə institutdan məlumat verilib.
Tədbirdə çıxış edən akademik Vaqif Fərzəliyev 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin sovet ordusundan qalan 366-cı motoatıcı alayın iştirakı ilə Xocalıda azərbaycanlılara qarşı tarixdə görünməmiş cinayət törətdiyini söyləyib: “Həmin günlərdə Xocalıda hətta meyitlərin götürülməsi mümkün olmadı. Ermənilər meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular. Xocalı soyqırımı nəticəsində bir gecədə 613 sakin qətlə yetirilib, 1275 nəfər əsir götürülüb”.
Vətən müharibəsində qazanılan Qələbəni və 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunduğunu qeyd edən akademik soyqırımı qurbanlarının qisasının alındığını vurğulayıb.
Laboratoriya müdiri dosent Elxan İsakov Xocalı faciəsi ilə bağlı hazırladığı videoçarxı nümayiş etdirib.
İnstitutun bir qrup gənc əməkdaşı Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

