Xocalı faciəsinin canlı şahidi, həmin dövrdə polis əməkdaşı olmuş Quliyev Kərəm Xankişi oğlu 1992-ci ilin fevralında yaşanan dəhşətli hadisələri öz dilindən danışdı.
Bu fikirləri “Tehsil365“ə müsahibəsində Kərəm Quliyev deyir: “Mən o vaxt Xocalı rayon Polis şöbəsində işləyirdim. Gecə saat 9 radələrində evə gəlmişdim, həyətimizdə çağıran oldu. Çölə çıxdım, qohum idi, dedi ermənilər kəndə hücum edib. Mən də silahımı götürüb şöbəyə getdim. Artıq rayon mühasirəyə alınmışdı.”
O, daha əvvəl Xocalıdan Ağdama silah-sursat daşıdığı üçün meşə yollarını yaxşı tanıyırdı və həmin bilgilər sayəsində dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün bələdçilik edib: “Qadınlar, uşaqlar çayın suyunda boğulmasın deyə bir neçəsini belimə alıb sudan keçirdim. Təxminən 15–20 nəfəri xilas etdim. Sonra meşə yolları ilə Ağdam istiqamətinə hərəkət etdik.”
Kərəm Quliyev həmin gecə Bakıdan gəlmiş milli ordunun döyüşçüləri ilə birlikdə mühasirəni yarmağa çalışdıqlarını, komandir Aqil Quliyevin döyüş zamanı şəhid olduğunu xatırlayır: “Aqil komandir idi, 21 nəfərlə gəlmişdilər. Yaralı idi, xərəkdə aparırdıq. Meşədə atışma düşdü, xərəkdə güllə dəydi, şəhid oldu. Amma sağ olsun camaat, onu orada qoymadıq, apardıq.”
O, döyüşün gedişində həm atışdıqlarını, həm də qocalara və uşaqlara kömək etdiklərini vurğulayır: “Qocalar yalvarırdı ki, bizi burda qoymayın, ermənilərə əsir düşməyək. Mən bir neçə nəfəri, xüsusən yaşlıları çətinliklə də olsa çıxara bildim. Həmin gecə heç vaxt bizim yaddaşımızdan silinməyəcək.”
Kərəm Quliyev döyüş zamanı ayaqlarının donduğunu, silahın patronlarını doldura bilmədiyini, hətta 10–11 yaşlı bir uşağın ona patron dolduraraq kömək etdiyini də xatırlayır: “Əllərim donmuşdu, avtomatın maqazinini doldura bilmirdim. O balaca uşaq patron doldururdu, mən atırdım. Ayaqlarım şişmişdi, corabımı bıçaqla kəsib çıxartdılar. Ayılanda xəstəxanada idim.”
Müsahibəsində o, qardaşlarının da döyüşə qatıldığını, böyük qardaşının ağır yaralandığını, kiçik qardaşının isə onu əsir düşməsin deyə güllələmək istədiyini, lakin sonradan kömək gəlib xilas olduğunu deyir.
Bu gün Kərəm Quliyev Xocalıda, Əsgəran qəsəbəsində çalışır və ailəsi ilə birlikdə doğma torpağında yaşayır. Onun oğlu da hazırda Xocalıda polis xidmətindədir. Kamran Quliyev bu paraleli xüsusi vurğulayaraq deyir: “Mən bir vaxtlar Xocalıda polis idim, döyüşdüm, sağ qaldım. Bu gün isə oğlum Xocalıda polisdir. Biz ata-bala bu torpağın müdafiəsində öz izimizi qoymuşuq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Şükür ki, bu gün doğulub boya-başa çatdığım torpağımda, vətənimdə yaşayıram.”

