Xocalı soyqırımının şahidi Tahirə Hüseynova müsahibə zamanı həmin gecəni böyük həyəcan və kədərlə xatırlayıb. O, uşaqlıq və gənclik illərinin müharibə şəraitində keçdiyini, Xocalıda yaşanan çətinliklərin və faciənin həyatında silinməz iz buraxdığını bildirib. Şahid danışdıqca yaşadığı ağrılı xatirələrin hələ də yaddaşında canlı qaldığını ifadə edib.
Xocalı sakini, soyqırım şahidi Tahirə Hüseynova “Tehsil365”ə müsahibəsində Xocalı faciəsi zamanı yaşadıqlarından danışıb.
– Xocalıda hadisələrdən əvvəl həyat necə idi?
– Mən, Xocalı sakini Hüseynova Tahirə Hüseyn qızıyam. 1988-ci ildən etibarən Xocalıda blokada şəraitində yaşamışıq. Həmin vaxt mənim 14 yaşım var idi və demək olar ki, müharibə uşağı olmuşam. Dörd il blokadada yaşadıq. Xocalıya yalnız vertolyotla çörək gətirilirdi, sonradan o da dayandırıldı. Şəhərdə bir çörək sexi var idi və insanlar çörəyi bölüşərək yaşayırdı. Uşaqlar çörəksiz qalmasın deyə analar növbəyə dayanırdı. Uşaqlığımız və gəncliyimiz müharibə şəraitində keçdi.
– Fevralın 25-dən 26-na keçən gecə nə baş verdi?
– Həmin gecə Xocalıda dəhşətli faciə yaşandı. Şəhər bir neçə istiqamətdən mühasirəyə alındı və insanların çıxışı üçün qalan yollar da pusquya salındı. Dinc əhaliyə qarşı hücum edildi, qadınlara, uşaqlara və qocalara aman verilmədi. Həmin gecə mən atamı, anamı və polis əməkdaşı olan qardaşımı itirdim. Ailəmiz və yaxın qohumlarımız arasında çoxlu sayda şəhid və girov düşənlər oldu. Bu hadisələr bizim həyatımızda silinməz iz buraxdı.
– Bu hadisələrdən sonra həyatınız necə davam etdi?
– Hadisələrdən sonra ailəmiz çox çətin günlər yaşadı. Azyaşlı qardaşlarımla birlikdə ağır şəraitdə böyüdük. O illər çox ağrılı və çətin keçdi. Bu gün isə şükür edirəm ki, torpaqlarımız azad olunub və biz qələbənin sevincini yaşayırıq. Xocalı faciəsi zamanı 613 nəfər həlak olub, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə yaşlı idi. Səkkiz ailə tamamilə məhv edilib, yüzlərlə insan yaralanıb, girov götürülüb və itkin düşüb. Bu faciəni unutmaq mümkün deyil.

