Fevralın 25-də Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Bu barədə “Tehsil365”ə Agentlikdən məlumat verilib.
Tədbirdə kitabxananın direktoru Mübariz Məmmədli Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının heç vaxt unudulmayacağını söyləyib. O, faciə qurbanlarını anmaq üçün hər il tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb, Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həm Azərbaycanda, həm də xarici ölkələrdə təşkil olunmuş tədbirlər sayəsində həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından danışıb.
Direktor müavini Sevda Rəsulova dəhşətli faciənin baş verdiyi dövrdə ölkədəki ağır ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bildirib, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Xocalı soyqırımına siyasi qiymət verildiyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində Respublika Elmi-Texniki Kitabxanası fondunda saxlanılan və Xocalı faciəsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı kitabların sərgisi təşkil olunub.
Anım tədbirində kitabxanada istehsalat təcrübəsi keçən Bakı Dövlət Universitetinin tələbələri də iştirak ediblər.
Qeyd edək ki, Agentliyin tabeliyində olan digər qurumlarda da Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

