Mingəçevir Dövlət Universitetində əməkdaşların sağlamlığının qorunmasına və sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş yeni əməkdaşlıq təşəbbüsü həyata keçirilməyə başlanılıb.
“Tehsil365" AZƏRTAC istinadən xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Mingəçevir şəhərində fəaliyyət göstərən “Regional Hospital” ilə əməkdaşlığa dair Anlaşma Müqaviləsi imzalanıb. Anlaşma universitetin sosialyönümlü fəaliyyətlərin genişləndirilməsinə dair yeni strategiyasına uyğun olaraq əməkdaşların sağlamlığının qorunmasını, profilaktik tibbi müayinələrin təşkilini və keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının artırılmasını nəzərdə tutur.
Bununla bağlı keçirilən görüşdə Mingəçevir Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Elçin Tağıyev, Keyfiyyət təminatı və Akkreditasiya şöbəsinin müdiri Azad Mirzəbəyov, İş dünyası və məzunlarla əlaqə şöbəsinin müdir müavini Qurban Qurbanzadə və protokol üzrə koordinator Zərifə Fərruxlu, “Regional Hospital”dan isə direktor Anar Məmmədov, kardioloq, tibb elmləri doktoru Novruz Həsənov, androloq, tibb elmləri namizədi Vaqif Hüseynov, operator-həkim, ümumi cərrah Kurtuluş Urğur, terapevt Nurlan Əliyev və digərləri iştirak ediblər.
Anlaşma çərçivəsində Mingəçevir Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə universitetin 50 əməkdaşı “Regional Hospital”da kompleks profilaktik tibbi müayinə paketindən ödənişsiz yararlanacaq. Müayinə proqramı əməkdaşların ümumi sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə yönəlmiş tibbi analiz və diaqnostik xidmətləri əhatə edir. Bununla yanaşı, əməkdaşlıq çərçivəsində Mingəçevir Dövlət Universitetinin bütün əməkdaşları və tələbələri üçün “Regional Hospital”da göstərilən tibbi xidmətlərə 20 faiz güzəşt tətbiq olunacaq. Bu imkan əməkdaşların tibbi xidmətlərdən daha əlçatan və sərfəli şəkildə yararlanmasına şərait yaradacaq.
Təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə daxil olan “Yaxşı səhiyyə və rifah” istiqamətində həyata keçirilən fəaliyyətlərə töhfə verir. Profilaktik tibbi müayinələrin təşkili əməkdaşların sağlamlığının erkən diaqnostikasına və qorunmasına xidmət edir. Eyni zamanda, universitetlə səhiyyə müəssisəsi arasında qurulan əməkdaşlıq münasibətləri 17-ci Məqsəd – “Məqsədlər üçün tərəfdaşlıq” çərçivəsində institusional əlaqələrin genişləndirilməsinin nümunəsidir.

