Azərbaycan teatr sənətinə ağır itki üz verib.
“Tehsil365” xəbər verir ki, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası, Azərbaycanın xalq artisti Sofiya Həsən qızı Hüseynova (Sofa İsmayılova) 30 iyul 2015-ci ildə Naxçıvan şəhərində vəfat edib. O, 26 fevral 1926-cı ildə Bakı şəhərində anadan olmuşdu.
Uzun illər səhnə fəaliyyəti göstərən sənətkar komik, psixoloji və dramatik rolların mahir ifaçısı kimi tamaşaçıların böyük rəğbətini qazanmışdı. Onun yaratdığı obrazlar Azərbaycan teatr salnaməsində özünəməxsus yer tutur.
Sofiya Hüseynova sənətdəki xidmətlərinə görə 1982-ci ildə “Azərbaycanın xalq artisti” fəxri adına layiq görülmüş, 1996-cı ildə isə “Şöhrət” ordeni ilə təltif edilmişdi.
Görkəmli aktrisanın xatirəsi sənətsevərlərin qəlbində daim yaşayacaq.

