“Döyüşlərdə ağır tapşırıqlar aldım, minamyot və ‘Aegis’ mərmisindən yaralandım, amma döyüşə qayıtdım və düşməni geri çəkilməyə məcbur etdik.”
Bu sözləri “Tehsil365"ə açıqlamasında Baş Kəşfiyyatçı, Çavuş, II Qarabağ müharibəsi qazisi Rüstəmli Rüstəm bildirib.
Qazi qeyd edib ki, kəşfiyyatçı kimi çox ağır tapşırıqla üz-üzə qalıb.
“Ermənilər səngərdən qaçdılar, biz onların çoxunu məhv etdik, silah-sursatını atıb qaçırdılar. Onların mövqeyini ələ keçirdik. Onlar əks-hücuma keçdilər, biz orada şəhid və yaralı verdik. Demək olar ki, irəliləmək olmurdu, amma çalışdığımız qədər onları məhv edirdik,” — deyə o bildirib.
O əlavə edib ki, döyüşün 4-cü günü minamyot mərmisindən yaralanıb hospitala təxliyə olunub, lakin iki gün müalicə aldıqdan sonra öz ərizəsi ilə yenidən döyüşə qayıdıb.
“Buğra dərəsi adlanan yerdə döyüş yoldaşımı görüb ora getdim. Orada çox sayda düşmən məhv edilmişdi. Biz hücum əmri ilə döyüşə girdik və çoxsaylı itkilər verdik, düşməni silahı atıb qaçmağa məcbur etdik,” — deyə qazi bildirib.
Onun sözlərinə görə, Füzuli şəhəri yerlə-yeksan edilmişdi, çoxlu minalar qoyulmuşdu, lakin onlar həm minalardan, həm də düşməndən qorxmayıblar.
“Bir neçə gün döyüş getdi, onları geri çəkilməyə məcbur etdik, onlar isə dağlara qaçırdılar. Daha sonra Aşağı Veysəlli kəndinə çatdıq və ora digər bölməyə təhvil verdik,” — deyə o əlavə edib.
Qazi qeyd edib ki, 2023-cü ildə Xocalı istiqamətində lokal antiterror zamanı döyüşlərdə iştirak edib.
“Dağ Yurd yaşayış məntəqəsi uğrunda döyüşdük, separatçı rejimin çoxu mülki yaşlı insanlar idi. Biz düşmənin canlı qüvvəsini məhv etdik, texnikasını ələ keçirdik. Xarxan kəndi uğrunda gedən döyüşlərdə 'Aegis' mərmisi yanımda partladı və qəlpə yarası aldım,” — deyə o bildirib.
Qazi Xocalı uğrunda göstərdiyi şücaətə görə “Şücaət medalı” ilə,həmçinin “Cəsur döyüşçü”, “Füzuli, Xocavənd, Şuşa Vətən müharibəsi iştirakçısı medalı” ilə təltif edilib.

