Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Minsk şəhərində anım tədbiri təşkil edilib.
“Tehsil365" xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyindən verilən məlumata görə, tədbirdə Belarus Azərbaycan İcmaları Konqresi və onun regional bölmələri, Minskdə fəaliyyət göstərən “Qobustan”, Qomeldə fəaliyyət göstərən “Ocaq”, Moqilyovda fəaliyyət göstərən “Azəri”, Bobruyskda fəaliyyət göstərən “Vətən” cəmiyyətlərinin rəhbərləri və üzvləri, “Tochka.by” xəbər portalının direktoru, türk diplomatlar, eləcə də Belarusda təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, faciə qurbanlarına həsr edilmiş fotolardan ibarət guşənin önünə gül dəstələri qoyulub.
Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev Xocalı soyqırımına dair həqiqətləri iştirakçıların diqqətinə çatdırıb. Diplomat Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamentinin ilk olaraq bu faciəyə siyasi qiymət verdiyini və 26 fevralın Xocalı soyqırımı günü kimi elan edildiyini bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı düzgün və məqsədyönlü xarici siyasətin nəticəsi olaraq, 18 ölkə, ABŞ-nin 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul edildiyini diqqətə çatdırıb. Həmçinin, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Leyla Əliyevanın 2008-ci ildən başladığı “Xocalıya ədalət!” təbliğat-informasiya kampaniyasının rolunu vurğulayıb.
Sonda Xocalıda, eləcə də Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə dualar oxunub, ehsan süfrəsi açılıb.

