Xocalı soyqırımının 34-cü ildönümü Kiyev şəhərində də qeyd edilib. Müharibənin çətinliyinə baxmayaraq, ölkəmizin Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Kiyev Akademik Milli Operetta Teatrında musiqili gecə təşkil olunub.
“Tehsil365" AZƏRTAC-a istinadən xəbər verir ki, anım tədbirində Ukraynada akkreditə olunmuş səfirlər, diplomatlar, ukraynalı tarixçilər, alimlər, ali təhsil ocaqlarının rektorları və müəllimləri, tələbə heyəti və yerli media nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bu faciəyə siyasi qiymət verilib və 26 fevral “Xocalı soyqırımı günü” kimi elan edilib. Prezident İlham Əliyevin apardığı məqsədyönlü xarici siyasətin nəticəsi olaraq 18 ölkə, ABŞ-nin 20-dən artıq ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı, insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul edilib.
Səfir, həmçinin, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Leyla Əliyevanın 2008-ci ildən başladığı “Xocalıya ədalət!” təbliğat-informasiya kampaniyasının xüsusi rolunu da vurğulayıb.
Anım gecəsində iştirak edən qonaqlar Xocalı soyqırımına dair videoproyeksiyaya tamaşa edib, faciənin xronologiyası ilə yaxından tanış olublar.
Musiqili anım gecəsində Kiyev Akademik Milli Operetta Teatrının solistlərinin ifasında klassik musiqi əsərləri ifa edilib.

