Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Bu barədə “Tehsil365"ə universitetdən məlumat verilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ATMU-nun rektoru İlham Mədətov çıxış edərək Xocalı soyqırımının bəşər tarixinə ən ağır kütləvi terror aktlarından biri kimi daxil olduğunu bildirib. O, həmin günlərdə baş verən qanlı hadisələri faktlarla diqqətə çatdırıb, insanlığa qarşı törədilmiş bu cinayətin cəzasız qalmamalı olduğunu vurğulayıb. Rektor Ermənistanın hərbi-siyasi təcavüzünə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsinin vacibliyini qeyd edib. İlham Mədətov çıxışında Xocalı qurbanlarının qanının yerdə qalmadığını xüsusi vurğulayaraq bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Dövlət Bayrağının ucaldılması Azərbaycanın keçdiyi şərəfli yolun məntiqi nəticəsidir.
Tədbirdə universitetin professoru Məhərrəm Zülfüqarlı Xocalı faciəsinin insanlığa, milli-mənəvi və maddi-mədəni sərvətlərimizə qarşı törədilmiş vandalizm aktı olduğunu faktlarla izah edib. O bildirib ki, Xocalı faciəsi bəşər tarixində baş vermiş ən qanlı soyqırımlardan biridir və gənc nəsil bu hadisənin reallıqları barədə dolğun məlumata malik olmalıdır. Professor vurğulayıb ki, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin araşdırılması və dünyaya çatdırılması hər bir vətəndaşın borcudur.
Kafedra müdiri Tərlan Növrəsli çıxışında Xocalı faciəsinin unudulmamasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib, müəllifi olduğu “Eşidin məni, şəhidlər” şeirini səsləndirib.
Qeyd edək ki, universitetdə Xocalı faciəsini əks etdirən xüsusi guşədə sənədli və bədii ədəbiyyatlardan ibarət kitab sərgisi təşkil olunub. Gün ərzində soyqırımı əks etdirən fotoslayd nümayiş etdirilib.
Tədbirdən sonra ATMU-nun tələbələri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

