Xocalı soyqırımının uşaqlara izahı zamanı onların psixoloji vəziyyəti mütləq nəzərə alınmalıdır. Psixoloq Aytən Ələkbərova bildirir ki, bəzi uşaqlar bu hadisələrdən təsirlənərək aqressiv reaksiyalar göstərə bilər. Bu səbəbdən Xocalı faciəsi şagirdlərə vətən sevgisi və empatiya hissi üzərindən çatdırılmalıdır.
Psixoloq Aytən Ələkbərovanın “Tehsil365”ə açıqlamasında bildirib ki , Xocalı faciəsi uşaqlara ilk növbədə ailədə, daha sonra isə məktəbdə düzgün şəkildə izah olunmalıdır. Onun fikrincə, bu hadisələr şagirdlərə vətən sevgisi və empatiya hissi aşılamaq məqsədilə təqdim edilməlidir.
Psixoloq qeyd edib ki, bəzi hallarda uşaqlar bu mövzulara çox emosional reaksiya verə bilirlər. O, müraciət edən valideynlərdən birinin övladının Xocalı hadisələri haqqında eşitdikdən sonra əlində oyuncaq silah götürərək düşmənə qarşı zorakılıq ifadə etdiyini bildirib.
Aytən Ələkbərovanın sözlərinə görə, belə hallarda uşaqlara aqressiya deyil, tarixini öyrənmək, gələcəkdə vətəninə faydalı olmaq və hadisələri daha sağlam şəkildə anlamaq istiqaməti verilməlidir. Psixoloq vurğulayıb ki, düzgün psixoloji yanaşma uşaqlarda həm vətənpərvərlik hissini gücləndirir, həm də onların psixoloji gərginlik yaşamasının qarşısını alır.

