Azərbaycan florasının taksonomiyası bitkilərin sistematik təsnifatını, filogenetik əlaqələrini və növdaxili dəyişkənliyini öyrənir.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri professor Elşad Qurbanov açıqlamasında bildirib ki, müasir tədqiqatlarda klassik morfoloji üsullarla yanaşı, molekulyar-genetik metodlardan da istifadə olunur. Bu, bəzi növlərin əvvəlki təsnifatını dəqiqləşdirməyə və yeni taksonların müəyyən edilməsinə imkan verir.
Professor qeyd edib ki, taksonomik tədqiqatlar nadir və təhlükə altında olan növlərin düzgün identifikasiyası, “Qırmızı kitab”a daxil edilmə meyarlarının təyin olunması və mühafizə tədbirlərinin planlaşdırılması üçün əhəmiyyətlidir.
Azərbaycan ərazilərində aparılan ekobotaniki müşahidələr göstərir ki, iqlim dəyişiklikləri, torpaq eroziyası, su ehtiyatlarının azalması, meşələrin qırılması, otlaqların həddindən artıq yüklənməsi və antropogen təsirlər bitki örtüyünün strukturuna ciddi təsir göstərir. Bu proseslər bəzi növlərin arealının daralmasına, nadir növlərin isə yox olma təhlükəsinə gətirib çıxarır.
Ekoloji qiymətləndirmələr zamanı ərazilərin floristik zənginliyi, endemizm səviyyəsi, antropogen təsir dərəcəsi və bərpa potensialı nəzərə alınır. Peyk təsvirləri, coğrafi informasiya sistemləri və sahə müşahidələrinin birgə tətbiqi bitki örtüyündə baş verən dəyişiklikləri real vaxt rejiminə yaxın izləməyə imkan verir.
Monitorinq məlumatları əsasında iqlim dəyişiklikləri, invaziv növlərin yayılması və nadir növlərin vəziyyəti barədə proqnozlar hazırlanır ki, bu da ekoloji planlaşdırma və torpaqdan istifadə siyasətinin elmi əsaslarla qurulmasına xidmət edir.

