“Meta” şirkəti bəyan edib ki, 16 yaşdan kiçik uşaqların intihar və ya özünə xəsarət yetirmə ilə bağlı görüntüləri tez-tez axtaracağı halda “Instagram” valideynləri xəbərdar edəcək.
“Tehsil365“ AZƏRTAC- a istinadən xəbər verir ki, valideynlər “Instagram”da mövcud olan valideyn nəzarəti funksiyasından istifadə etdikləri halda bildiriş ala bilərlər. Bildirilir ki, bu funksiya yeniyetmələrin potensial zərərli məzmundan qorunmasına yönəlmiş mövcud tədbirləri yeniləyir: “Platforma belə məzmunun təbliğ və təşviqinə qarşı sərt siyasətə sadiq qaldığını bir daha vurğulayır”, – deyə NU.nl qəzeti yazır.
Hazırda “Instagram” bu cür axtarış sorğularını bloklayır və istifadəçiləri dəstək resurslarına yönləndirir.
Gələn həftədən etibarən ABŞ, Böyük Britaniya, Avstraliya və Kanada sakinləri bildiriş funksiyasından istifadə edə biləcəklər. Daha sonra bu imkan Avropa sakinlərinə də şamil olunacaq.
Bundan başqa, 16 yaşdan kiçik şəxslər üçün sosial şəbəkələrdən istifadənin qadağan edilməsini nəzərdə tutan “Avstraliya qadağası”nın qəbul edilməsi məqsədilə hökumətlərə təzyiq artır. Fransa, Danimarka və Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələr gənclərin sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması üzrə planlar hazırlayır.

