Türkiyə ilə təhsil sahəsində əlaqələri genişləndirib tələbə mübadiləsini həyata keçirir, qardaş ölkədə təhsil almaq istəyən gənclərimizə köməklik edirik. Bu gün gənclərimiz ödənişli əsaslarla müxtəlif peşələrə yiyələnmək istəyir və biz də Türkiyədə onlara uyğun təhsil müəssisələri ilə əlaqə saxlayıb istəklərini təmin edirik.
“Tehsil365“ AZƏRTAC-a itinadən xəbər verir ki, bu sözləri açıqlaması zamanı Bakıda fəaliyyət göstərən “Təlim-Tədris Mərkəzi”nin direktoru Rəvanə Hüseynova deyib.
Onun sözlərinə görə, Bakıda keçirilən “Türkiyə-Azərbaycan ticarət nümayəndə heyəti və B2B görüşləri” tədbirində iştirak edərək Türkiyənin təhsil ocaqları ilə daha geniş əməkdaşlıq əlaqələri qurmağa çalışırlar.
“Bizim mərkəzdə “jest dili” kursları da var ki, bu sahədə qardaş ölkənin təcrübəsini öyrənmək və tətbiq etmək istəyirik. Hazırda Ankarada fəaliyyət göstərən OSTİM Texniki Universiteti, “Ufuk” Universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalamışıq və yaxın əməkdaşlıq əlaqələrimiz var. Gənclərimiz istədikləri ixtisas üzrə Türkiyədə təhsil almaq istəyirlər və biz sənədləşmə, əlaqə qurmaq işində onlara köməklik edir, məlumatlar verir və yönəldirik. Mərkəzimizə mütəxəssislər də dəvət olunur və onlar kurs iştirakçılarına hazırlıq keçirlər. Türkiyənin müxtəlif bölgələrindən də Azərbaycanda təhsil almaq istəyən gənclər çox olur. Onlar da Azərbaycanda neft və neft sənayesi üzrə təhsil almaq istəyirlər. Qarşılıqlı əlaqələri inkişaf etdirmək tərəflər üçün faydalıdır. Türkiyə-Azərbaycan iş adamları və kommersiya qurumlarının görüşləri mütləq nəticə verir”, - deyə R.Hüseynova əlavə edib.

