O, jurnalistikanı uşaqlıq arzusu kimi gördüyünü və bu sahənin tamamilə özünə uyğun olduğunu vurğulayıb.
Azərbaycan Dillər Universitetinin Beynəlxalq Jurnalistika fakültəsinin II kurs tələbəsi, 19 yaşlı Sevinc Kərimova “Tehsil365”ə verdiyi müsahibəsində aldığı təhsildən, jurnalistikaya olan sevgisindən və universitet illərində qazandığı bacarıqlardan danışıb.
Gənc tələbə bildirib ki, universitetdə aldığı dərslər ona həm nəzəri, həm də praktik biliklər qazandırır, müəllimlərinin dəstəyi isə gələcək üçün möhkəm bir əsas yaradır. Sevinc Kərimova təhsil illərində araşdırma aparmağı, fikrini düzgün ifadə etməyi öyrəndiyini, həmçinin məsuliyyətli və intizamlı olmağı bacardığını qeyd edib. Onun sözlərinə görə, bu bacarıqlar gələcək iş həyatında ona böyük kömək olacaq.
– Ali təhsil müəssisəsində aldığınız təhsildən razısınızmı?
– Bəli, aldığım təhsildən razıyam. Dərslər mənə həm nəzəri, həm də praktik biliklər qazandırır. Müəllimlərimin dəstəyinə isə söz ola bilməz. Bu təhsil gələcəyim üçün yaxşı bir əsasdır.
– Bu gün jurnalistika ixtisasında təhsil almasaydınız, hansı ixtisası seçərdiniz?
– Düşünürəm ki, mən yenə jurnalist olmaq istərdim. Çünki bu mənim uşaqlıq arzum olub. Mən özümü həmişə bu sahədə görmüşəm və bu sahə tam mənə görədir.
– Təhsil aldığınız illər ərzində nə əldə etmisiniz?
– Bu illər ərzində çox bilik və təcrübə qazanmışam. Araşdırma aparmağı, fikrimi düzgün ifadə etməyi öyrənmişəm. Həmçinin məsuliyyətli və intizamlı olmağı bacarmışam. Bu bacarıqlar düşünürəm ki, gələcək iş həyatımda mənə çox kömək olacaq.
Sevinc Kərimova üçün jurnalistika sadəcə bir peşə seçimi deyil, həm də uşaqlıqdan gələn bir arzu və həyat məqsədidir. O, universitetdə qazandığı bilik və bacarıqları gələcəkdə peşəkar fəaliyyətində tətbiq etməyi planlaşdırır.

