Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə İspaniyanın nüfuzlu ali təhsil ocaqlarından olan Madrid Complutense Universitetində “Dəyişən dünyada xarici fəaliyyət: sülh gündəliyi və Azərbaycanın regional və qlobal siyasəti” mövzusunda tədbir keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr, eləcə də akademik dairələrin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərin və Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Çıxışlarda Xocalı hadisələrinin ağır humanitar nəticələri diqqətə çatdırılıb, dinc əhaliyə qarşı törədilmiş zorakılıq aktlarının beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd olduğu vurğulanıb. Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasının, tarixi yaddaşın qorunmasının və bu kimi faciələrin gələcəkdə təkrarlanmaması üçün sistemli fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Bildirilib ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub və hər il 26 Fevral - Xocalı Soyqırımı Günü ölkə daxilində və xaricdə silsilə anım tədbirləri keçirilir. Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar bu hadisələrə soyqırımı və insanlıq əleyhinə cinayət kimi hüquqi-siyasi qiymət veriblər.
Tədbir çərçivəsində Azərbaycanın regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində həyata keçirdiyi təşəbbüslər, eləcə də mövcud regional reallıqlar barədə məlumat təqdim olunub.
Sonda tanınmış fotojurnalist Reza Deqatinin Xocalı faciəsi və müharibənin acı nəticələrini əks etdirən fotoşəkillərindən ibarət kitabı universitet rəhbərliyinə təqdim edilib.

