Fevralın 26-da Ankaranın Keçiören rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
“Tehsil365" xəbər verir ki, Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbirdə diplomatlar, Türkiyə Böyük Millət Məclisinin deputatları, beynəlxalq təşkilatların əməkdaşları, Keçiören rayon bələdiyyəsinin rəhbərliyi, hərbi məktəblərin kursantları, iki qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Keçiören bələdiyyə sədrinin müavini Atilla Zorlu ölkəmizin Türkiyədəki səfirliyinin dəstəyi ilə təşkil olunmuş tədbiri açaraq Xocalı soyqırımı kimi cinayətlərin heç vaxt unudulmadığını və gələcəkdə də unudulmayacağını bildirib.
Vurğulayıb ki, cəzasız qalmaq yeni cinayətlərə yol açır. O, soyqırımlarına qarşı mübarizə naminə vəhdətə çağırış edib.
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor Aygün Attar erməni aqressiyası dövründə Azərbaycan tarixinin qanlı səhifələrini xatırladıb, torpaqlarımızı işğaldan azad etmiş Vətən oğullarının qəhrəmanlığı ilə fəxr etdiyini bildirib. Qeyd edib ki, Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş mərasim bir gün əvvəl TADİV-in binasında da keçirilib.
Xocalı sakini, jurnalist Səriyyə Müslimqızı öz növbəsində Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş vəhşiliklərdən danışıb. O xatırladıb ki, Xocalıda ermənilər tərəfindən qətlə yetirilmiş 613 dinc sakindən 106-sı qadın olub: “Soyqırımı qurbanlarından biri mənim anam idi. Ümumilikdə isə 1992-ci ilin fevralında 50-dən çox qohumumu itirmişəm”.
S.Müslimqızı işğal olunmuş torpaqların, o cümlədən Xocalının azad olunması ilə fəxr etdiyini bildirib: “Bu gün doğma torpağımda yaşayıram. Bölgə dirçəlir. Xocalıdakı evimi Qarabağa səfərlərindən biri zamanı Prezident İlham Əliyevin ziyarət etməsindən böyük qürur hissi keçirirəm”.
Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov bildirib ki, Xocalı sakinləri yalnız azərbaycanlı olduqlarına görə qətlə yetiriliblər: “Bu gün Azərbaycan xalqına qarşı soyqırımı törədənlərin dünyagörüşünün kökünü kəsmək çox vacibdir. Hərbçilərin heç də hamısı bu cür vəhşilik və barbarlıq törədə bilməz. Bu, yalnız faşizmə bənzər ideologiya mövcud olduqda mümkündür. Bu gün fəxr edirik ki, türk xalqları tarixində soyqırımı törətmiş ordular olmayıb. Bizim əsgərlərimiz müharibələr zamanı qadınlara, uşaqlara və qocalara əl qaldırmayıblar”.
R.Məmmədov dünyada soyqırımı aktlarını görməzdən gələn ikili standartlar siyasətinin mövcudluğundan təəssüf hissi keçirdiyini bildiribib. “Biz Xocalını heç vaxt unutmayacağıq, gələcəkdə belə cinayətlərin qarşısının alınmasına çalışacağıq”.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Bosniya və Herseqovinanın ilk Prezidenti Aliya İzetbeqoviçin “Unudulan soyqırımı təkrarlanır” sözlərini xatırladıb.
“Biz Xocalını unutmayacağıq və unutdurmayacağıq. Soyqırımında iştirak edən bütün şəxslərin məsuliyyətə cəlb olunmasına çağırırıq. Daha ədalətli dünya nizamının formalaşacağına inanırıq”, – deyə türkiyəli parlamentari bildirib.
Ş.Ayrım Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını vurğulayıb.
Sonda Xocalı soyqırımı qurbanlarının abidəsi önünə əklil və gül dəstələri qoyulub.

