AMEA-nın Şəki Regional Elmi Mərkəzində (REM) Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Bu barədə “Tehsil365"ə AMEA-dan məlumat verilib.
Tədbiri açan Şəki REM-in elmi işlər üzrə direktor müavini Kamil Adışirinov Xocalı soyqırımının xalqımızın qan yaddaşında əbədi iz saldığını söyləyib. Qeyd edib ki, bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir və onun unudulmaması hər bir vətəndaşın mənəvi borcudur.
Sonra Şəki REM-in Tarix və epiqrafika şöbəsinin elmi işçisi Elçin Vəliyev “Xocalı soyqırımı Azərbaycan xalqına qarşı planlı şəkildə həyata keçirilən tarixi cinayətdir” mövzusunda məruzə ilə çıxış edib. O, hadisələrin əvvəlcədən düşünülmüş və məqsədyönlü şəkildə törədildiyini diqqətə çatdıraraq, müxtəlif mənbələrdə, o cümlədən erməni müəllifi Zori Balayanın əsərlərində yer alan faktlara istinad edib.
Elçin Vəliyev Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini söyləyib. O, Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində ardıcıl fəaliyyəti haqqında ətraflı məlumat verib. Həmçinin Heydər Əliyev Fondunun bu istiqamətdə mühüm işlər gördüyünü vurğulayıb. Məruzəçi sonda qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə Xocalı qurbanlarının qisası alınıb, tarixi ədalət bərpa olunub.
Tədbirdə “Xocalı soyqırımı bədii düşüncədə”, “Xocalı soyqırımı: tarixdən silinməyən qanlı iz” mövzularında məruzələr dinlənilib.

