Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və “Azera Holdinq”in direktoru Akif Əliyev əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.
Bu barədə “Tehsil365"ə universitetdən məlumat verilib.
Ölkənin aparıcı özəl sektor təmsilçiləri ilə əməkdaşlığın genişləndirilməsini hər zaman yüksək qiymətləndirən rektor Elçin Babayev bu əlaqələrin tədris prosesinin, elmi-tədqiqat fəaliyyətinin səmərəli təşkilinə, tələbə və məzunların məşğulluğunun təmin olunmasına xüsusi töhfə verəcəyinə əminliyini ifadə edib. İyirmi ilə yaxın təcrübəyə malik “Azera Holdinq” ilə əməkdaşlığın ilkin fazasında əsasən kadr hazırlığı və tələbələrin təcrübə proqramlarına cəlb olunacaqlarını söyləyən Elçin Babayev gələcəkdə birgə tədqiqat işlərinin aparılması, elmi, elmi-kütləvi, sosial tədbirlərin keçirilməsi üçün də universitetdə münbit şəraitin olduğunu diqqətə çatdırıb.
“Azera Holdinq”in direktoru Akif Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti, layihələr, korporativ sosial məsuliyyət proqramları çərçivəsində tələbələrə yönəlik tədbirlər barədə geniş məlumat verib. Ölkə üçün yüksəkixtisaslı kadr hazırlığında BDU-nun rolunun əvəzsiz olduğunu, son illər universitetdə müasir texnologiyaların geniş tətbiqini yüksək qiymətləndirdiyini bildirib. O, imzalanan memorandumun hər iki qurum üçün faydalı olacağına, tələbələrin təcrübə qazanmasına və karyera imkanlarının artırılmasına təkan verəcəyinə əmin olduğunu söyləyib.
Memorandumda tərəflərin müxtəlif istiqamətlər üzrə ortaq tədqiqatlar aparması, BDU tələbələrinin holdinqdə təcrübə proqramlarına cəlb olunması, tələbə və gənc tədqiqatçılar üçün mentorluq, seminar və təlim proqramlarının təşkili, startap və innovativ layihələrin dəstəklənməsi kimi məsələlər öz əksini tapıb.

