Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunmuş “Konstitusiyanın hüquqi mühafizəsində iştirak edən subyektlərin dairəsi” mövzusunda elmi seminar keçirilib.
BDU-dan “Tehsil365"ə bildirilib ki, seminarda hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Nəsib Şükürov məruzə ilə çıxış edib. Məruzədə Konstitusiyanın siyasi-hüquqi cəmiyyət üçün tənzimləyici və məhdudlaşdırıcı funksiyası vurğulanıb, Konstitusiyanın yaranmasının xalqın iradəsi və cəmiyyətdə mövcud ictimai münasibətlərin hüquqi normaya çevrilməsi ilə bağlı olduğu qeyd edilib.
Məruzəçi bildirib ki, Konstitusiyanın hüquqi mühafizəsi ictimai münasibətlərin qorunması üçün səmərəli mexanizmlərin formalaşdırılması ilə birbaşa əlaqədardır. Bu baxımdan Konstitusiyanın özündə həmin münasibətlərin qorunmasını təmin edən mexanizmlərin mövcudluğu mühüm əhəmiyyət kəsb edir.
Çıxışda Konstitusiyanın sabitliyi və effektiv fəaliyyəti məsələlərinə də toxunulub. Dünya təcrübəsinə istinad edən məruzəçi qeyd edib ki, Konstitusiyanın mühafizəsi təkcə onun mətnində nəzərdə tutulan normalarla məhdudlaşmır, eyni zamanda institusional mühafizə sisteminin formalaşdırılmasını da tələb edir. Bu sistemə konstitusiya nəzarəti orqanları, məhkəmələr, qanunverici və icra hakimiyyəti subyektləri, eləcə də vətəndaş cəmiyyəti institutları daxildir.

